Bakı. Trend:
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda əmlak sığortası üzrə sığorta şirkətlərinin yığımları 52,7 milyon manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə 307 min manat və ya 0,6% çoxdur.
Eyni zamanda, hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin həcmi 8,5 milyon manat olub. Bu isə 2024-cü ilin yanvar-mart aylarındakı göstərici ilə müqayisədə 1,2 milyon manat və ya 16,4% artıqdır.
Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycanda əmlak sığortası üzrə sığorta şirkətlərinin yığımları 52,4 milyon manat, ödənişləri isə 7,3 milyon manat idi.
Qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri 399,1 milyon manat sığorta haqqı toplayıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7% və ya 26 milyon manat çoxdur.
Yanvar-mart aylarında sığorta şirkətləri 164 milyon manat ödəniş edib ki, bu da, illik müqayisədə 10,7 milyon manat, yaxud da 7% çoxdur.
Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 373,1 milyon manat sığorta haqqı toplanıb, 153,3 milyon manat sığorta ödənişi edilib.
Hesabat dövründə toplanmış hər 100 manat sığorta haqqından 41,1 manat sığorta ödənişi edilib.