Bakı. Trend:
Astara-Astara, o cümlədən Astara-Rəşt dəmir yolları vasitəsilə Azərbaycan İranla Rusiya arasında qovuşdurucu rol oynaya bilər.
Trend xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində deyib.
"İnsanda ürək və damar həyati əhəmiyyət kəsb etdiyi kimi, yollar da ictimaiyyətlər və cəmiyyətlər arasında əlaqə və həyat anlamını özündə əks etdirir. Biz quru yollarının təmin edilməsi və bərpası üçün layihələrimizi həyata keçirməkdəyik. Astara-Astara dəmir yolu layihəsi də davam etdirilir", - o bildirib.
Onun sözlərinə görə, Astara-Astara, həmçinin Astara-Rəşt dəmir yolu layihələri İran və Azərbaycan arasında ticarət əlqələrini gücləndirə bilər.
"Bu layihələr vasitəsilə Azərbaycan İranla Rusiya arasında qovuşdurucu rol oynaya bilər. Həmçinin Azərbaycan özü İran vasitəsilə Fars Körfəzinə daşımalar həyata keçirə bilər. Məhz buna görə də İran bu gün bu sahədə öz üzərinə düşəni həyata keçirir və Prezident İlham Əliyev ilə görüşümüzdə də bu sahənin daha da sadələşdirliməsi üçün layihələrin reallaşdırılması üzrə danışıqlarımız olacaq", - o bildirib.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycana səfər edəcək.