Bakı. Trend:
"Real Madrid"in "Barselona"ya 2:3 hesabı ilə uduzduğu İspaniya Kral kuboku finalında yaşanan mübahisəli insident nəticəsində Antonio Rüdigerin uzunmüddətli diskvalifikasiya ilə üzləşməsi mümkündür.
Trend-in məlumatına görə, matçın sonlarında Kilian Mbappenin iştirak etdiyi hücum zamanı hakimin "Barselona"nın xeyrinə verdiyi qərardan qəzəblənən almaniyalı müdafiəçi qəzəblə köməkçi hakimə buz atıb.
Bu hərəkətinə görə, o və hakimin qərarlarına etiraz edən komanda yoldaşları Lukas Vaskes və Cud Bellingem qırmızı vərəqə alıblar.
"Cadena SER"ə istinadən, Rüdigerin 4-12 matçlıq cəzalandırılacağı gözlənilir ki, bu da onun mövsümün qalan hissəsində iştirakına son qoya bilər. Meydandan qovulandan sonra da hakimə daha çox buz atmaq istəyəndə komanda yoldaşları onu sakitləşdirməyə çalışıblar.