Bakı. Trend:
Azərbaycan-Çin əlaqələri 1991-ci ildə müstəqilliyimiz bərpa etdikdən sonra artan dinamika üzrə inkişaf edib və 1992-ci ildə iki ölkədə də diplomatik nümayəndəlikləri açılıb və o dövrdən başlayaraq münasibətlər mütəmadi olaraq müxtəlif səviyyələrdə inkişaf prosesi keçib.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.
O bildirib ki, 1995-ci ildən başlayaraq bu günədək Çin şirkətləri Azərbaycan iqtisadiyyatına təxminən 1 milyard civarında investisiya qoyub:
“Paralel olaraq Azərbaycan da Çin iqtisadiyyatına bu illər ərzində 2 milyard civarında investisiya qoyub. “Bir kəmər, bir yol” layihəsinin iki ölkə arasında, eləcə də region ölkələri üçün iqtisadi münasibətlərin dərinləşməsi baxımından böyük əhəmiyyəti var. Azərbaycan elə bir coğrafi məkanda yerləşir ki, Asiya ilə Avropa arasında bir körpü rolu oynayır və burada həyata keçirilən infrastruktur layihələri də imkan verir ki, Azərbaycan tranzit ölkə olaraq bu proseslərdə əhəmiyyətli rol oynasın. Bu baxımdan Azərbaycan Çin və region ölkələri üçün kifayət maraqlı bir dövlət kimi xarakterizə olunur”.
Millət vəkili vurğulayıb ki, bu dövr ərzində müxtəlif ikitərəfli sənədlər imzalanıb:
“Xüsusilə də 2019-cu ildə Pekin Beynəlxalq Forumunda iki ölkə arasında iqtisadiyyat, sənaye və investisiya sahələrini əhatə edən 10 sənəd imzalanıb. Bunun nəticəsi olaraq da son beş il ərzində Azərbaycan və Çin arasında ticarət dövriyyəsi iki dəfədən artıq çoxalıb və artıq 3,5 milyard dollardan çox ticarət mübadiləsi var. Bunun sayəsində Çin Azərbaycan üçün iqtisadi baxımdan dördüncü tərəfdaş olan ölkə kimi də xarakterizə olunmaqdadır. Münasibətlərin kuliminasiya nöqtəsi olaraq ötən il iyulun 3-də iki ölkə arasında imzalanmış müqaviləni diqqətə almaq lazımdır. Bu bəyannamə bütün sahələrdə strateji tərəfdaşlığın dərinləşməsinə xidmət edir".
Deputat əlavə edib ki, Azərbaycan-Çin əlaqələrinin inkişafında Prezident İlham Əliyevin xarici siyasətin kifayət qədər böyük önəmi var:
"Azərbaycanın əhəmiyyətinin artması təkcə neft, qaz sektorunda deyil, eləcə də bərpaolunan enerji, “yaşıl enerji”nin əldə olunması və ixracı məsələlərində də Çin Xalq Respublikası ilə əlaqələrin dərinləşməsi, təbii ki, hər iki ölkə üçün kifayət qədər faydalı olacaq. Çin şirkətlərinin gələcəkdə də Azərbaycan iqtisadiyyatına investisiyalar yatırması, müxtəlif infrastruktur layihələrində iştirakı hədəflənir. Azad olunan ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin reallaşmasında Çin şirkətlərinin rolu böyükdür”.
A.Əlizadə qeyd edib ki, iki ölkə arasında münasibətlərin bundan sonra da inkişafı bütövlükdə bölgədə sülh, sabitlik, dayanıqlı iqtisadi münasibətlərin inkişafına öz töhfəsini verəcək.
Milli Məclisin deputatı Azər Allahverənov isə Trend-ə açıqlamasında deyib ki, Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərindən birini təşkil edən Çin Xalq Respublikası olduqca vacib tərəfdaşdır:
“33 il ərzində bizim münasibətlərimiz hər zaman artan xətt üzrə inkişaf edib. Artıq iki ölkə arasında münasibətlər hərtərəfli strateji tərəfdaşlıq xarakteri daşıyır. İmzalanan Birgə Bəyanat Azərbaycanın Çin üçün üçün necə əhəmiyyətli olduğunu bir daha vurğulayan bir sənəddir. Azərbaycan-Çin münasibətlərinin hərtərəfli tərəfdaşlıq xarakter daşıdığı həmin sənədlə təsdiq olundu. Bu sənədin qəbul olunması ölkələr arasında tərəfdaşlığın yeni bir mərhələyə daxil olması və daha da irəliyə aparılması deməkdir.
Azərbaycan və Çin BMT, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində və digər müstəvilərdə də yaxın əməkdaşlıq edir. Çin Xalq Respublikasının Sədri Prezident İlham Əliyevi bu ilin avqustunda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının və faşizm üzərində qələbənin 80 illiyi tədbirinə dəvət edib. Qeyd edilən bu dəvətlər ölkə prezidentləri və ölkələrimiz arasındakı dostluq və etimadın növbəti göstəricisidir”.
Millət vəkili əlavə edib ki, liderlərin görüş əsnasında Orta Dəhlizin əhəmiyyəti də xüsusilə vurğulanıb:
“Bu çərçivədə nəqliyyat daşımalarının artırılması diqqətə alındı. Orta Dəhlizin yükdaşıma potensialı ildən ilə artmaqdadır. Bu kimi imkanlardan maksimum yararlanmaq üçün çox geniş əməkdaşlıq müstəvisi, infrastruktur potensialı olmalıdır. Azərbaycan bunun üzərində işləyir. Çin də bu prosesə öz töhfəsini verir. Orta Dəhlizin əhəmiyyəti və Azərbaycanda real infrastrukturun yaradılması, Çin şirkətlərinin bu prosesdə iştirakı, Çinlə Avropa arasında nəqliyyat daşımalarında Orta Dəhlizin və Azərbaycan rolunun xüsusi qeyd olunması vacib məsələlərdəndir. Bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələləri də qeyd olundu. Burada Çin şirkətlərinin Azərbaycanda artan fəaliyyəti vurğulandı. Ölkələrimiz arasında texnoloji, humanitar və mədəni sahədə əməkdaşlıq məsələləri xüsusilə qeyd olunur”.
Deputat əlavə edib ki, Azərbaycanın Qlobal Cənubun maraqlarını təmsil edən tərəfdaş qismində çıxış etməsi də Çin tərəfindən xüsusilə qeyd olunur.
“Bu istiqamətdə iki dövlət arasında münasibətlərin daim inkişaf etdirilməsi üçün lazımi addımlar atılır. Son bir il ərzində strateji tərəfdaşlıq haqqında bəyannamənin qəbulu, daha sonra münasibətlərin geniş səpkidə, hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması və bunun hüquqi sənədlərlə təsbit olunması xüsusilə vurğulanmalıdır.Azərbaycan və Çin iki dövlət arasında münasibətlərin daim irəli aparılmasında maraqlı olduğunu bildirir”, - deyə A.Allahverənov fikrini yekunlaşdırıb.