Bakı. Trend:
Hazırda ölkəmizdə 9 minə yaxın müəssisədə kollektiv müqavilələr mövcuddur və bu sənədlər vasitəsilə minlərlə işçinin hüquqları qorunur, əmək şəraiti təkmilləşdirilir.
Trend xəbər verir ki, bu sözləri Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" konfransında Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.
O bildirib ki, 2024-cü ildə yeni imzalanan kollektiv müqavilələrin sayı əvvəlki illə müqayisədə 14% artıb: "Bu rəqəmlər bizə açıq şəkildə göstərir ki, əməyin mühafizəsi təkcə sosial məsələ deyil bu, milli təhlükəsizlik və davamlı inkişaf məsələsidir".
"Əmək mühafizəsi sahəsində tarixi baxımdan önəmli bir hadisə olan 1905-ci ildə imzalanan ilk kollektiv müqavilə işçi və işəgötürən arasında münasibətlərin rəsmi və qarşılıqlı razılaşma əsasında tənzimlənməsinə təkan verdi. O gündən bu günə kollektiv müqavilələr yalnız hüquqi sənəd deyil, sosial dialoqun təməl sütununa çevrildi", - deyə M.Musayev əlavə edib.