Bakı. Trend:
Əməyin mühafizəsi üzrə normativ çərçivənin təkmilləşdirilməsi məqsədilə indiyədək 58 milli standart təsdiq edilib, əlavə olaraq 111 dövlət standartının hazırlanması istiqamətində işlər davam etdirilməkdədir.
Trend xəbər verir ki, bu sözləri Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
Onun sözlərinə görə, eyni zamanda, Əməyin Mühafizəsi Mərkəzi işəgötürənlərlə müqavilə əsasında əməkdaşlıq edərək onlara peşəkar xidmətlər təqdim edir:
"Ölkənin bütün regionlarında, xüsusilə işğaldan azad edilmiş ərazilərdə mütəmadi olaraq təşkil olunan təlimlər və maarifləndirmə tədbirləri əhalinin bu sahədə bilik və bacarıqlarının artırılmasına xidmət edir".
"Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “DOST Müfəttiş” layihəsi həyata keçirilir ki, bu da işəgötürənlərə dəstəyin yeni bir müstəvidə göstərilməsidir. Belə ki, layihədə könüllü iştirak üçün müraciət edən işəgötürənlərdə əməyin mühafizəsi və elektron altsistemlərdən istifadə, əmək qanunvericiliyinin tətbiqi və insan resurslarının idarə edilməsi üzrə ekspertlər tərəfindən diaqnostik qiymətləndirmələr aparılır, mövcud boşluqlar aşkar edilir, onların həlli üçün tövsiyələr verilir və müvafiq təlimlər təşkil olunur.
2023-cü ildən fəaliyyətə başlayan Əməyin Mühafizəsi Mərkəzi bu sahədə institusional potensialın gücləndirilməsində mühüm rol oynayır. Mərkəz iş yerlərinin attestasiyasının həyata keçirilməsi, maarifləndirici tədbirlərin təşkili və əməyin təhlükəsizliyi ilə bağlı praktiki mexanizmlərin tətbiqi sahəsində vacib funksiyalar icra edir", - deyə A.Əliyev bildirib.