...

Bakıda Qlobal Cənub QHT Platforması təsis edilib

Siyasət Materials 28 Aprel 2025 11:18 (UTC +04:00)
Bakıda Qlobal Cənub QHT Platforması təsis edilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda Qlobal Cənub QHT Platforması təsis edilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Milli QHT Formunun nümayəndəsi Ramil İsgəndərli bu gün Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransında məlumat verib.

"Bu gün, biz Qlobal Cənub QHT Platformasını təsis edirik! Bu platforma, bizim səsimizin daha güclü çıxması, əməkdaşlığımızın daha sıx olması, birgə layihələr həyata keçirməyimiz üçün bir körpü olacaqdır! Dünyanın hər yerində minlərlə QHT və fəal ortaq bir vizyonla birlikdə çalışır. Qlobal həmrəylik vasitəsilə biz yoxsulluğu azaltmaq, təhsilə çıxış imkanlarını genişləndirmək, davamlı inkişafı təşviq etmək və planetimizi gələcək nəsillər üçün qorumaq üçün tədbirlər görürük", - o bildirib.

Onun sözlərinə görə, bu platforma sayəsində Qlobal Cənubun səsi dünyanın hər yerində eşidiləcək.

"Bizim təcrübələrimiz, bizim biliklərimiz, bizim perspektivlərimiz dünya siyasətində, iqtisadiyyatında, sosial həyatında öz layiqli yerini tutacaqdır. Bizim gücümüz yalnız sayımızda deyil, həm də ürəklərimizin birliyindədir. Bizim hər birimiz, öz ölkəmizin, öz xalqımızın səsi olaraq buradayıq. Bizim hər birimizin daşıdığı ümidlər, arzular bu platformanın ən böyük gücüdür. Bu gün, biz sadəcə bir təşkilat yaratmırıq, biz yeni bir hərəkat başlatırıq!. Bu, bütün dünyada ədalət axtaran, bərabərliyə can atan və hamı üçün daha yaxşı gələcək qurmağa sadiq olan insanlar tərəfindən idarə olunan qlobal hərəkatdır. Mən sizləri, bu tarixi anın şahidi olan hər birinizi bu hərəkata qoşulmağa çağırıram. Gəlin birlikdə çalışaq, birlikdə mübarizə aparaq, birlikdə zəfər qazanaq. Qlobal Cənubun səsi yüksəlsin! İndi isə, icazənizlə, Qlobal Cənub QHT Platformasının təsis olunduğunu rəsmən elan edirəm", - o bildirib.

Qeyd edək ki, bu gün Bakıda dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsini özündə birləşdirən 116 ölkədən nüfuzlu QHT rəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə Qlobal Cənub QHT Platformasının təsis konfransı keçirilir. Bu tədbir Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisəsi hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti