Bakı. Trend:
Ölkə daxilində uranın zənginləşdirilməsi prosesinin davam etməsi və İran əleyhinə tətbiq olunan sanksiyaların ləğv edilməsi İran və ABŞ arasında danışıqlarda İranın qırmızı xətləridir.
Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (28 aprel) Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, qeyd olunan qırmızı xətlər İranın müzakirələrdəki prinsiplərinin bir hissəsidir və bununla əlaqədar məsələlər ciddi şəkildə izlənilir.
Bəqai bildirib ki, hər bir müzakirədə detallara daxil olmaq tərəflərin razılaşdırdığı çərçivələr əsasında olmalıdır. Buna əsasən İranın nəzərdə tutuduğu çərçivədə detallarda üzərində razılaşma əldə olunacaq.
Qeyd edək ki, 12, 19 və 26 aprel tarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 3 raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1 və 3-cü raundu Oman paytaxtı Məsqətdə, 2-ci raundu isə İtaliya paytaxtı Romada baş tutub.