Bakı. Trend:
Cənubi Qafqazın lideri, beynəlxalq münasibətlər sisteminin ehtiram göstərilən üzvü, ərazilərini müharibə yolu ilə azad edən dövlət… Böyük məmnunluqla qeyd edilməlidir ki, bu gün dünyanın harasında olursa olsun Azərbaycan deyəndə, ölkəmizin adı çəkiləndə ilk yada düşən məhz bu reallıqlardır. Xəritədə kiçik görünsək də, beynəlxalq miqyasda ölkəmizlə hesablaşır, mövqeyini bölüşür, qlobal problemlərin yoluna qoyulmasına verdiyi töhfələri yüksək qiymətləndirirlər.
Geridə qalan aprel ayı da respublikamızın regional və qlobal
miqyasdakı rolunun, müasir dünya nizamına verdiyi töhfələrin
təsdiqinə çevrilən mühüm hadisələrlə əlamətdardır. Bunlara misal
olaraq cənab Prezident İlham Əliyevin Çin Xalq Respublikasına
dövlət səfərini, Türkiyəyə işgüzar səfərini, eləcə də Almaniyanın
və Gürcüstan prezidentlərinin, ATƏT-in Baş katibinin, Avropa
İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali
nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidentinin Azərbaycana
səfərlərini göstərmək olar. Bu səfərlərin hər biri respublikamızın
xarici siyasət prioritetlərinin uğurla reallaşdığını, beynəlxalq
münasibətlər sisteminin aparıcı siyasi və iqtisadi gücləri ilə
bərabər hüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərini göstərən
mühüm hadisələrdir.
Aprel ayının mühüm siyasi hadisələrindən biri də İran İslam
Respublikasının Prezidenti Məsud Pezeşkianın respublikamıza etdiyi
rəsmi səfər oldu. Geniş gündəliyi ilə yadda qalan bu səfər də bütün
meyarları ilə yanaşı, Azərbaycanın yerləşdiyi coğrafiyadakı aparıcı
mövqeyinin və Tehranın Bakı ilə əməkdaşlıq əlaqələrinin daha da
dərinləşdirilməsinə olan marağının göstəricisi kimi dəyərləndirilə
bilər.
Ümumiyyətlə Azərbaycana ehtiram və hörmət gətirən siyasi faktorlardan biri də əlaqələri olan bütün dövlətlərə, o cümlədən qonşularına qarşı hər zaman səmimi və etibarlı münasibəti ilə fərqlənməsidir. Rəsmi Bakı heç bir vaxt əməkaşlığa kölgə salan addımlar atmamış, onlarla hər zaman ləyaqətli davranmışdır. Bu respublikamızın münasibətlərdə həm əməkdaşlığa sadiqliyindən, həm də beynəlxalq hüquq prinsiplərinə söykənlməsindən irəli gəlir. Təsadüfi deyil ki, bu gün 8-i Avropa İttifaqının üzvü olan 10 Avropa dövləti enerji təhlükəsizliklərinin təmin olunmasına görə məhz Azərbaycana minnətdardırlar. Elə Azərbaycanın əməkdaşlıq əlaqələrinə olan sadiqliyinin, cənab Prezident İlham Əliyevin sözünün imzası qədər dəyərli olmasının nəticəsidir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdə biri ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənədlər imzalanıb.
Bütün bunları Azərbaycanın əhalisinin böyük hissəsi azərbaycanlılardan ibarət olan İranla bağlı siyasətindən də görmək mümkündür. Bakı cənub qonşusu ilə əlaqələrə həmişə diqqət və həssaslıqla yanaşıb, münasibətlərin yüksələn xətlə inkişafına çalışib. Azərbaycan ikitərəfli əlaqələrə azacıq da olsa soyuqluq gətirən addım atmayıb, İranın daxili işlərinə qarışmayıb, həmişə bu qonşu ölkədə əmin-amanlığın olmasını arzulayıb. Ölkəmiz beynəlxalq müstəvidə İranın milli maraqlarına zidd olan təşəbbüslərə və siyasi qarşıdurmalara da heç zaman qoşulmayıb. Çünki İranda hər hansı xoşagəlməz hadisənin baş verməsi, bu ölkənin hər hansı münaqişəyə cəlb edilməsi, başqa dövlətlə toqquşması Azərbaycanın ümumi geopolitik, siyasi və iqtisadi maraqları ilə uzlaşmır.
Azərbaycan həm də regionun sülh və əməkdaşlıq ünvanıdır.
Təsadüfi deyil ki, mədəniyyətlərarası və sivilizasiyalararası
dialoqun inkişafına xidmət edən mötəbər tədbirlər məhz ölkəmizdə
keçirilir. Rusiya ilə ABŞ və Rusiya ilə NATO arasındakı yüksək
səviyyəli hərbi danışıqlar da dəfələrlə Bakıda baş tutub ki, bu da
Azərbaycana olan böyük etimadın, ehtiramın, o cümlədən ölkəmizin
sülh və əməkdaşlıq ünvanı olmasının göstəricisidir.
Azərbaycanın dövlətlər arasında əməkdaşlığa, nəticə etibarilə həm
də sülhə və təhlükəsizliyə verdiyi töhfələrdən biri də ərsəyə
gətirdiyi enerji və nəqliyyat infrastrukturlarıdır. Bununla
respublikamız yalnız özünün iqtisadi maraqlarını təmin etmir, həm
də uzaq dövlətləri bir-birinə yaxın edir, onlar arasındakı
əlaqələrin dərinləşməsinə dəstək verir.
Respublikamızın təşəbbüsləri və iradəsi ilə reallaşan enerji dəhlizləri bir çox dövləti bir-biri ilə əlaqələndirən polad körpülərdir. Eyni fikirləri Azərbaycandan keçməklə Şərqlə Qərbi, Şimalla Cənubu bir-birinə bağlayan nəqliyyat dəhlizləri barədə də demək mümkündür. Orta Dəhliz yalnız yüklərin Çindən Avropaya 12-14 günə çatdırılmasını təmin etmir. Bu dəhliz həm də onun üzərində yerləşən bütün dövlətlər arasında iqtisadi əlaqələrin inkişafına xidmət edən mühüm vasitədir. O cümlədən Azərbaycanın yaradılmasına böyük töhfələr verdiyi Şimal-Cənub nəqliyyat da dəhlizi dövlətlərarası əlaqələrin dərinləşməsinə xidmət edən nəqliyyat bağlantısıdır.
Nəqliyyat dəhlizlərinin əhəmiyyəti Bakıda Azərbaycan və İran prezidentlərinin görüşündə, o cümlədən Azərbaycan-İran biznes-forumunda da xüsusi vurğulandı. Ölkəmizlə İranın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə sıx əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev onu da bildirdi ki, Azərbaycanın istəyi həm də bu nəqliyyat dəhlizinin yeni bizneslərin qurulması, yeni sənaye müəssisələrinin yaradılması üçün imkanların açılmasıdır. Göründüyü kimi Azərbaycan Şimal-Cənub dəhlizinin perspektivlərinə həm də strateji yanaşır və onun hər bir dövlətin iqtisadi maraqları baxımından daha səmərəli olmasına çalışır.
Azərbaycanı bu gün dünyaya layiqincə təqdim edən, respublikamıza nüfuz gətirən ən əsas hadisələrdən biri də torpaqlarımızın işğaldan azad edilməsi, ərazilərimizdə erməni separatizminə son qoyulmasıdır. Ölkəmizin regionda yaratdığı reallıqlar, ərazilərini işğaldan azad etməsinin qonşu dövlətlər tərəfindən də dəstəklənməsi və qəbul olunması əsas məsələlərdən biridir. Bu baxımdan Məsud Pezeşkianın Prezident İlham Əliyevlə görüşdə «Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq. Biz inanırıq ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq» - deməsi bir daha göstərir ki, İran dövləti Azərbaycanın yaratdığı reallıqları tanıyır və dəstəkləyir.
Torpaqlarımızın işğaldan azad edilməsi həm də Azərbaycanın
regionda aparıcı rolunu daha da gücləndirir.
Azərbaycanın xarici siyasətinin mühüm məqamlarından biri də odur
ki, qonşu dövlətlərlə münasibətləri müttəfiqlik və strateji
tərəfdaşlıq müstəvisindədir. Məsələn, Azərbaycanın qardaş Türkiyə
və şimal qonşusu Rusiya Federasiyası ilə müttəfiqlik əlaqələri var.
Respublikamızla Gürcüstan isə strateji tərəfdaşlardır.
Təbii ki, bunu İran rəhbərliyi də görür və beynəlxalq münasibətlər sistemində söz və yüksək nüfuz sahibi olan Azərbaycanın region dövlətləri ilə münasibətlərinin hansı səviyyədə olduğunu dəyərləndirir. Bu mənada Məsud Pezeşkianın ölkəmizə səfəri Azərbaycanla İran arasında münasibətlərin də yeni müstəvidə inkişaf etdirilməsi üçün imkanlar yaradır.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı