Rusiya Federasiyasının xarici işlər nazirinin Trend ə müsahibəsi
- Sizin fikrinizcə, dövlətlərimiz arasında münasibətlər necə inkişaf edir və qarşılıqlı anlaşmanın əldə olunmadığı prinsipial problemlər varmı? Rusiyanın xarici siyasətində Cənubi Qafqaz ölkələri arasında Azərbaycana hansı yer ayrılır?
- Rusiyada Azərbaycanla bu gün strateji tərəfdaşlıq səviyyəsinə çatmış münasibətlərin sabit, dinamik inkişafından çox razıdırlar. Buna əsaslanaraq biz də Qafqazda mehriban qonşumuzla əməkdaşlıq qururuq.
Hər şeydən əvvəl ölkələrimiz arasında yüksək səviyyədə siyasi dialoq fəal inkişaf edir. Ticari-iqtisadi sahədə müsbət irəliləyişlər var. Keçən il mal dövriyyəsinin həcmi 40%-dən çox artıb və tezliklə milyard dollar səviyyəsinə çatacaq. Beləliklə, Rusiya və Azərbaycan prezidentlərinin 2004-cü ilin fevralında mal dövriyyəsinin ikiqat artırılması ilə bağlı verdiyi tapşırıq bu yaxınlarda yerinə yetiriləcək. Bizim qarşılıqlı faydalı əməkdaşlığımız yanacaq-energetika kompleksini, sənaye, kənd təsərrüfatı və nəqliyyat sahələrini da əhatə edir. Azərbaycanla xarici ticarət əlaqələrini RF-nin 70 subyekti həyata keçirir.
İki ölkənin tarixi və mədəni yaxınlığını nəzərə alaraq biz humanitar əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət veririk. Rusiyada 2005-ci ildə Azərbaycan İlinin uğurla keçirilməsini yüksək qiymətləndirir və ümid edirlər ki, Azərbaycanda Rusiya İli də hər iki ölkə xalqının yaxınlaşmasına xidmət edəcək.
Yüksək səviyyədə dəfələrlə o da qeyd olunub ki, aramızda həll edilməmiş problemlər yoxdur. Qarşılıqlı fəaliyyətimizin genişlənən miqyasında yaranması qaçılmaz olan konkret məsələlərə gəlincə, biz həmişə birlikdə onların həlli yollarını axtarır və tapırıq.
Gələcəkdə Azərbaycanla çoxşaxəli qarşılıqlı faydalı münasibətlərin möhkəmlənməsi və inkişafı Rusiyanın xarici siyasətinin prioritetlərindən biri olaraq qalır. Bu, ölkələrimizin maraqlarına tamamilə cavab verir və Qafqazda sabitliyin və təhlükəsizliyin əsas amilidir.
- RF prezidenti Vladimir Putinin Azərbaycana səfəri başlayır. Bu səfərdən nə gözlənilir və Bakıda hansı məsələlər müzakirə olunacaq?
- Qarşıdakı səfərin mərkəzində V.V Putinin azərbaycanlı həmkarı, prezident İlham Əliyevlə aparacağı danışıqlar durur. Danışıqların əhəmiyyəti ilk növbədə bununla müəyyən olunur ki, məhz yüksək səviyyədə razılaşmalar Rusiya-Azərbaycan münasibətlərinin artan inkişafının hərəkətverici qüvvəsidir. Ölkələrimizin liderləri arasında mehriban şəxsi münasibətlərin qurulması isə sevindirici haldır.
Rusiya-Azərbaycan sammitlərinin gündəliyinə ənənəvi olaraq siyasi, ticari-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi daxildir. Bir qayda olaraq, qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olunur. Bu məsələlərdən biri kimi, Bakıda Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair fikir mübadiləsi aparılacaq. Rusiya Dağlıq Qarabağ probleminin öz həllini tapmamasının Qafqaz regionunda fəal əməkdaşlığa əngəl törətməsindən çox narahatdır və gələcəkdə həm ATƏT-in Minsk qrupunun həmsədri kimi, həm də ikitərəfli əsasda - əlverişli yollar axtarmaqla əlindən gələni etməyə hazırdır.
Rusiya prezidentini İ.Əliyevlə birgə 2006-cı il ərzində keçiriləcək Azərbaycanda Rusiya İlini rəsmən açıq elan etməkdən ibarət xoş missiya gözləyir.
V.Putini dövlət, siyasi və ictimai xadimlərin, Rusiyanın bir sıra regionlarının rəhbərlərinin və iri sahibkarların daxil olduğu nümayəndə heyəti müşayiət edəcək. Bir tərəfdən, bu, səfərə verdiyimiz əhəmiyyəti nəzərə çarpdırır, digər tərəfdən isə, azərbaycanlı tərəfdaşlarla əlverişli, qarşılıqlı faydalı əlaqələrin qurulmasına xidmət edir.
Əminəm ki, Rusiya dövlət başçısının səfəri gələcəkdə Rusiya-Azərbaycan münasibətlərinin hərtərəfli möhkəmlənməsində yeni mühüm addım olacaq.
- Bu yaxınlarda Rusiyanın baş nazirinin müavini və müdafiə naziri Sergey İvanov Azərbaycana səfəri zamanı Rusiyanın Avropada adi silahlar haqqında müqavilədən çıxmasının mümkünlyü barədə bildirib. Sizin fikrinizcə, bu, Cənubi Qafqaz regionunda qüvvələrin bölgüsünə təsir göstərə bilərmi?
- Siz S.B. İvanovun fikirlərini deyil, onların KİV-də şərhini söyləyirsiniz. Mənə məlum olduğu kimi, S.İvanov təxminən belə demişdir: "Rusiya nəinki Avropada adi silahlı qüvvələr haqqında müqaviləni dəstəkləyir, həm də bu müqavilənin bir çox digər iştirakçılarından fərqli olaraq onun uyğunlaşdırılması haqqında sazişi təsdiqləyib.
Bu mərhələdə biz sənəddə qeyd olunmuş cinah məhdudiyyətlərini ciddi surətdə yerinə yetirmək niyyətindəyik. Rusiyanın gələcək fəaliyyəti bu sazişin təsdiqlənməsi ilə bağlı tərəfdaşların mövqeyindən asılı olacaq. Bu gün AASQM ətrafında təhlükəli vəziyyət yaranıb.
Düşünürəm ki, bu, ölkəmizdə müqavilə ətrafında yaranmış vəziyyətdən narazılığı və onun gələcək taleyi ilə bağlı narahatlığı əks etdirəcək. AASQM indiki vəziyyətində həyat qabiliyyətini itirib. Bu, obyektiv faktdır. Onu yalnız hələ 1999-cu ildə imzalanmış AASQM-in uyğunlaşdırılmasına dair sazişin tezliklə qüvvəyə minməsi xilas edə bilər.
Təəssüflər olsun ki, bizim bəzi tərəfdaşlarımız uydurma bəhanələrlə onun təsdiqlənməsi prosesini ləngidir. Biz dəfələrlə bunun Müqavilənin taleyi üçün mümkün mənfi nəticələri barədə xəbərdarlıq etmişik.
İndiki vəziyyət Qafqaz regionunun təhlükəsizliyində necə əks oluna bilər?
Çox şey bu regionun dövlətlərindən asılıdır. Əgər onlar həqiqətən də AASQM rejiminin saxlanması və möhkəmlənməsində maraqlıdırsa, - biz ümid edirik ki, bu belədir,- bu məqsədə çatmaqda ən düzgün yol AASQM-nin uyğunlaşdırılmasına dair sazişin tezliklə təsdiqlənməsidir.
- Siz Rusiya və Azərbaycan arasında hərbi-texniki əməkdaşlığı necə qiymətləndirirsiniz?
- Azərbaycanla hərbi-texniki əməkdaşlığın inkişafında irəliləyişlər bir neçə il bundan əvvəl müşahidə olunub. Bu inkişaf 2002-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində irəliləyişlə bağlıdır.
Elə həmin il Qəbələ Radiolokasiya stansiyasının statusu, prinsipləri və istifadə şərtlərinə dair Rusiya-Azərbaycan hökumətlərarası sazişi imzalanıb. Məlumdur ki, o, raket hücumundan vahid xəbərdarlıq sisteminə daxildir və Rusiyanın, o cümlədən digər MDB ölkələrinin təhlükəsizliyinin təmin olunması üçün mühüm obyektlərdən biridir.
Azərbaycanla hərbi-texniki sahədə əməkdaşlığı dəstəkləyərək biz Zaqafqazyada vəziyyəti nəzərə alırıq, bu cür əməkdaşlıq nəticəsində orada gərginliyin artmamasına, güc tətbiq edilməməsi ilə bağlı region dövlətlərinin öhdəliklərinə əməl olunmasına nəzarət edirik. Rusiya və Azərbaycan arasında qarşılıqlı fəaliyyətin əsas prioritetlərindən biri terror təhlükəsinə müqavimətdir.
- Son zamanlar Rusiya tərəfinin Xəzərdə "Kasfor" şərti adı altında 5 Xəzəryanı ölkənin birgə dəniz qüvvələrinin yaradılmasının mümkünlüyünə dair təşəbbüsləri səsləndirilir. Xəzər dənizində bu cür əməkdaşlıq hansı formada mümkündür və yaxın perspektivdə nə dərəcədə həyata keçiriləndir?
- 2005-ci ilin yanvarında Rusiya Azərbaycana, İrana, Qazaxıstan və Türkmənistana Xəzərdə operativ qarşılıqlı fəaliyyət üzrə hərbi-dəniz qrupunun yaradılması ideyasını təklif edib. Söhbət hansısa hərbi-siyasi ittifaqdan yox, Xəzəryanı dövlətlərin hərbi-dəniz qüvvələrinin və regionda təhlükəsizliyin və sabitliyin təmin olunması istiqamətində ümumi tapşırıqların yerinə yetirilməsində maraqlı olan digər strukturlarının qarşılıqlı fəaliyyət mexanizmindən gedir.
Qara dəniz ölkələri arasında "Bleksifor"un yaradılmasına dair qüvvədə olan Saziş kimi bu qrupun da məqsədləri terrorçuluğa və Xəzər regionunda kütləvi qırğın silahlarının yayılmasına müqavimət, qanunsuz silah dövriyyəsi, narkotik vasitələrin daşınması və insan alveri ilə mübarizə, sahilyanı dövlətlərin iqtisadi maraqlarının qorunmasını əhatə edərdi.
Həmçinin, qəzaya uğramış gəmilərin xilas edilməsi üzrə əməliyyatların aparılması, humanitar əməliyyatlarda, ətraf mühitin qorunması, neft platformalarının və boru kəmərlərinin təhlükəsizliyinin təmin olunması üzrə tədbirlərdə iştirak da nəzərdə tutulur.
2005-ci il iyulun 11-13-də Rusiyanın Müdafiə nazirliyinin dəstəyi ilə Həştərxanda Xəzəryanı dövlətlərin nümayəndələrinin konfransı keçirilib.
Konfransda "Kasfor" üzrə tapşırıqlar və onun fəaliyyət prinsipləri ilə bağlı fikirlərimizi təqdim etdik. Müvafiq sazişin hazırlanmasına dair prinsipial anlaşma əldə olundu. Keçən ilin oktyabr ayında Rusiya tərəfi tərəfdaşlarına "Kasfor"un yaradılmasına dair saziş layihəsini təqdim etdi. Ümid edirik ki, yaxın vaxtlarda ekspertlər səviyyəsində bu sənədin birgə müzakirəsinə başlanacaq.