Cənubi Koreya prezidenti Ro Mu Xenin (Roh Moo-hyun) Azərbaycana rəsmi səfəri mayın birinci yarısına nəzərdə tutulub. Bu barədə Trend ə prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov eksklüziv məlumat verib.
Onun sözlərinə görə, səfər gedişində ikitərəfli siyasi və iqtisadi münasibətlərin genişlənməsi və dərinləşməsi məsələləri diqqət mərkəzində olacaq.
"Ölkələrimiz arasında iqtisadi münasibətlər tədricən inkişaf edir və düşünürəm ki, Cənubi Koreya prezidentinin qarşıdakı səfəri bu ölkənin rəhbərliyinin Azərbaycana verdiyi əhəmiyyətə sübutdur", deyə şöbə müdiri bildirib.
N.Məmmədov həmçinin, hesab edir ki, qarşıdakı səfər Azərbaycanla Koreya arasında əlaqələrin inkişafının nə dərəcə əhəmiyyətli olduğunu göstərir. N.Məmmədov bunun Azərbaycanın milli maraqlarına cavab verdiyini bəyan edib.