Sərbəst toplaşmaq haqqında beynəlxalq miqsayda qəbul olunan standart qanunlar var. Bu barədə Trend ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı "Sərbəst toplaşmaq haqqında" qanuna nəzərdə tutulan dəyişikliklərə münasibət bildirərkən qeyd edib.
Qeyd edək ki, Milli Məclisin insan hüquqları, hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyalarının birgə iclasında bəzi millət vəkilləri "Sərbəst toplaşmaq haqqında" qanuna aksiyaları dağıdan polsilərin rezin dəyənək, elektroşok cihazlar, rezin güllələr, xidməti atlar və itlər, gözyaşardıcı qazdan istifadə edilməsi ilə bağlı maddənin əlavə edilməsinə etiraz ediblər. Qərara alınıb ki, bu məsələ yenidən hüquq siyasəti və dövlət quruculuğu komissiyasında müzakirə edilsin.
M.Qurbanlı bildirib ki, insanların sərbəst şəkildə fikirlərini və maraqların ifadə etməklə bağlı Avropa Şurası, BMT, ATƏT səviyyəsində qəbul edilən müvafiq sənədlər, müəyyən konvensiyalar var ki, Azərbaycan da bunlara qoşulub. Bu sənədlərin icrası ilə əlaqədar hüquq-mühafizə orqanlarının da müəyyən səlahiyyətləri mövcuddur: "Hər bir azadlığın sərhədi digər azadlığın başlandığı yerdə bitir. Sərbəst toplaşmaq azadlığı vardırsa, bundan sui-istifadənin qarşısının alınması mexanizmi də var. Bu, bütün dünyada belədir. O ki, qaldı kütləvi aksiyalar zamanı polisin yardımçı vasitələrdən istifadə etməsinə, bu, Azərbaycanın kəşfi deyil. Demokratiyanın beşiyi sayılan Böyük Brirtaniyada polislər qanunsuz mitinqləri dağıtmaqdan ötrü atlardan istfadə edirsə, Azərbaycanın bu təcrübədən istifadəsi niyə ajiotaj yaratmalıdır? Baxmayaraq ki, Azərbaycanda belə bir proses baş verməyib".
M.Qurbanlı bildirib ki, qanunsuz aksiyaların qarşısını almaq məqsədilə dünyada atlardan, itlərdən, digər texniki vasitələrdən istifadə edilir: "Sərbəst toplaşmaq azadlığı kütləvi iğtişaşlara gətirib çıxarmamalıdır. Sərbəst toplaşmaq azadlığı sərbəst şəkildə insanların öz fikirlərini ictimai rəyə çatdırmasına yönələn addımdır". Millət vəkili "Sərbəst toplaşmaq haqqında" qanuna müəyyən dəyişikliklərin vacibliyini vurğulayıb.