Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Türkiyənin Ədalət və İnkişaf Partiyası Gənclər Birliyinin bir qrup üzvü ilə görüşüb. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.
Z.Əsgərov qardaş Türkiyə və Azərbaycan arasındakı münasibətlərin durmadan inkişaf etdiyini bildirib və Azərbaycan parlamentinin fəaliyyəti barədə gənclərə ətraflı məlumat verib. Parlament sədrinin birinci müavini Azərbaycanın taleyüklü məsələləri ilə bağlı qardaş Türkiyədən daim dəstək aldığınqı qeyd edib, iki ölkə arasında dəmir yolu xəttinin çəkilişinin nəzərdə tutulduğunu da diqqətə çatdırıb.
Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı söhbət açan birinci vitse-spiker ermənilərin qondarma "erməni soyqırımı" ilə bağlı Türkiyəyə qarşı əsassız iddialarına da toxunub.
Türkiyəli gənclərin nümayəndə heyətinin rəhbəri Hakan Tütünçü YAP Gənclər Təşkilatı ilə əlaqələrin inkişafına mühüm önəm verdiklərini vurğulayıb. Bundan sonra da azərbaycanlı həmkarları ilə əməkdaşlıqlarının mütəmadi şəkil alması üçün əllərindən gələni əsirgəməyəcəklərini bəyan edib.