...

Robert Simmons: NATO və Azərbaycan müxtəlif səviyyələrdə dialoqu davam etdirir

Siyasət Materials 28 Aprel 2006 16:31 (UTC +04:00)

Trend in NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi ilə müsahibəsi

- NATO ilə əməkdaşlığın möhkəmləndirilməsi üçün Azərbaycanın qarşısında hansı məsələlər qoyulacaq?

- NATO ilə Azərbaycan arasında əməkdaşlıq möhkəmdir və artıq 10 ildir ki, uğurla həyata keçirilir. Azərbaycan əməkdaşlıq proqramlarında fəal iştirak edir və NATO-nun Kosovo və Əfqanıstanda sülhün saxlanmasına yönələn əməliyyatlarına kifayət qədər töhfə verib.

Bir il əvvəl NATO ilə Azərbaycan arasında təsdiq olunmuş Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı bizim gələcək əməkdaşlığımızı daha da intensiv edir. Müdafiənin möhkəmlənməsi planın özəyini təşkil edir. Lakin o, həm də özündə digər sahələrdə, siyasi islahatlar, terroorizmlə mübarizə, ictimai informasiya, mülki fövqəladə vəziyyətlərin planlaşdırılması və elm sahələrində əməkdaşlıq kimi müəyyən məqsəd və vəzifələri birləşdirir. NATO və müttəfiqləri fərdi şəkildə bu məqsədlərə çatmaq üçün Azərbaycana kömək edirlər. İndiyə kimi Azərbaycan bir çox sahələrdə həqiqi irəliləyişlərə nail ola bilib.

Lakin iş təkcə proqramlarla bitmir və xüsusilə, demokratik institutların yaradılması, müdafiənin möhkəmləndirilməsinin planlaşdırılması və büdcənin tərtibi, silahlı qüvvələr üzərində demokratik nəzarətin müəyyən edilməsi sahəsində kifayət qədər digər vəzifələr də mövcuddur.

- Azərbaycan tərəfi ilə əməkdaşlıq barədə hansı təkliflər NATO üçün maraq kəsb edə bilər?

- Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı və əməkdaşlıq üzrə digər razılaşmalar Azərbaycanla NATO arasında əməkdaşlıqda irimiqyaslı proqramın reallaşdırılmasını nəzərdə tutur. Lakin, əlbəttə, biz mütəmadi olaraq istər Azərbaycan, istərsə də NATO üçün maraq kəsb edən sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edirik.

Mənim bu yaxınlarda, aprelin 10-11-dəki səfərim zamanı biz Azərbaycan hökuməti ilə Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının uğurla həyata keçirilməsi məqsədilə müəyyən sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik. Bu sahəyə xüsusilə müdafiənin gücləndirilməsi və mülki fövqəladə vəziyyətlərin planlaşdırılması daxildir. Tezliklə Azərbaycan tərəfi bizə NATO-nun mənzil-qərargahında birgə nəzərdən keçirəcəyimiz konkret təkliflər təqdim edəcək.

- Sizin Azərbaycana növbəti səfəriniz hansı müddətə planlaşdırılıb?

- Mən mütəmadi olaraq Azərbaycana və regionun digər ölkələrinə səfərlər edirəm. Bu yaxınlarda Azərbaycana ikigünlük səfərim başa çatıb. Növbəti səfər isə hələ planlaşdırılmayıb. Hələlik Bakıya ilin sonlarında gələcəyimi ehtimal edirəm.

- Azərbaycanla NATO arasında əməkdaşlıq üzrə növbəti məsləhətləşmələr nə vaxt keçiriləcək?

- Azərbaycan və NATO Fərdi tərəfdaşlığın Fəaliyyət Planının yerinə yetirilməsi üzrə məsləhətləşmələri ən azı ildə bir dəfə keçirir. Sonuncu dəfə bu cür məsləhətləşmələr bir neçə həftə əvvəl, martın 23-də Ali Siyasi Komitənin Azərbaycanla NATO-nun mənzil -qərargahında görüşü zamanı keçirilib. Növbəti belə görüş 2007-ci ilin baharında Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının həyata keçirilməsində uğur əldə olunması üçün Azərbaycana yeni yardım çərçivəsində baş tutacaq.

Hazırda NATO və Azərbaycan Brüsseldə və Bakıda müxtəlif səviyyələrdə dialoqu davam etdirir. Ona görə də biz zərurət yarandığı halda həmişə lazımi formatda məsləhətləşmələr və müzakirələr təşkil edə bilərik.

Xəbər lenti

Xəbər lenti