ATƏT Minsk Qrupu həmsədrləri Strasburqda bu yaxınlarda fransalı vasitəçi Bernar Fasyenin regiona səfəri zamanı irəli sürülmüş təkliflərə Bakı və İrəvanın cavabını gözləyir. Bu barədə Trend ə ATƏT MQ-nin rusiyalı həmsədri Yuri Merzlyakov bildirib.
Onun sözlərinə görə, B.Fasyenin səfəri zamanı MQ vasitəçiləri adından Azərbaycan və Ermənistan rəhbərliklərinə "bəzi yeni təkliflər", o cümlədən əvvəlki müzakirələrin daha ətraflı təfsilatı təqditm olunub.
"Düşünürəm ki, bu, bizim (MQ həmsədrlərinin - Trend ) Moskvada təkliflərin razılaşdırılması tlə bağlı sonuncu görüşümüzdən sonra çox mühüm səfər olub", - deyə Y.Merzlyakov qeyd edib.
Rusiyalı diplomatın sözlərinə görə, tərəflərdən hər biri irəli sürülmüş ideyaları diqqətlə öyrənəcək. Qarşıda isə bu ideyaların razılaşdırılması istiqamətində işlər durur.
Y.Merzlyakov bildirib ki, Ermənistan və Azərbaycan prezidentlərinin mümkün növbəti görüşünü şərh etməyə hələ hazır deyil. Onun sözlərinə görə, həmsədrlər bunun üzərində işləyir.