...

Metyu Brayza: BTC və CQ kəmərləri karbohidrogenlərin Azərbaycandan ixrac edilməsi üçün yeni nəsil infrastrukturu yaradır

Siyasət Materials 5 İyul 2006 15:22 (UTC +04:00)
Metyu Brayza: BTC və CQ kəmərləri karbohidrogenlərin Azərbaycandan ixrac edilməsi üçün yeni nəsil infrastrukturu yaradır

ABŞ hesab edir ki, yeni boru kəmərləri, xüsusilə də, Xəzər dənizi hövzəsindən çəkilən kəmərlər Avropanın enerji daşıyıcı bazarlarını müxtəlifləşdirə və daha sabit neft-qaz tədarükünü təmin edə bilər. Trend agentliyinin ABŞ Dövlət Departamentinin Beynəlxalq İnformasiya Proqramları Bürosuna istinadən yaydığı məlumata əsasən, bu barədə Amerikanın yüksək vəzifəli diplomatı ABŞ Dövlət departamenti tərəfindən təşkil olunmuş internet forumda bildirib.

"Biz bu regionda enerji daşıyıcılarının istənilən müxtəlifləşdirmə layihələrini dəstəkləyirik və hesab edirik ki, özəl sektor hansı layihələrin daha perspektivli olduğunu müəyyənləşdirməlidir" - ABŞ dövlət katibinin müavini Metyu Brayza internet forumda qeyd edib.

M.Brayza ABŞ-ın Cənub-Şərqi Avropadakı, o cümlədən, Xəzər və Qara dəniz hövzələrindəki energetika siyasətini əlaqələndirir.

Regional neft-qaz boru kəmərləri regiondakı gərginliyi zəiflədir. Belə ki, bir sıra dövlətlərin sərhədlərindən keçən bu kəmərlər çoxmilyardlı investisiyaların təşviqi üçün hökumətlər arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdirilməsini və siyasi sabitliyin olmasını tələb edir.

"Rusiya aparıcı karbohidrogen istehsalçılarından biri, ABŞ isə dünyada ən böyük karbohidrogen istehlakçılarından biridir. Bu na görə bizim ölkələrimizə birgə işləmək və energetika problemlərini həll etmək çox sərfəlidir"- deyə M.Brayza bildirib.

Lakin M.Brayzanın sözlərinə görə, ABŞ da Avropanın energetika bazarlarının səmərəliyinin artırılması üçün "kommersiya rəqabətinin vacibliyi"nə inanır. O əlavə edib ki, Avropa Birliyi də bu fikrə şərikdir.

"Biz qarşıdurmaya deyil, rəqabətə can atırıq. Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz boru kəmərlərinin istismara verilməsi böyük həcmdə təbii qazın Azərbaycandan Yunanıstan, İtaliya və Dunay hövzəsinə ixracı üçün yeni nəsil infrasturukturun yaradılmasına imkan verir" - deyə o vurğulayıb.

Büronun məlumatında deyilir ki, 1600 km-lik və 4 mlrd. dollarlıq BTC neft boru kəməri neftin Gürcüstan vasitəsilə Azərbaycandan Türkiyənin Aralıq dənizi sahillərinə çatdırılması üçün nəzərdə tutulub. İyunun 16-da Qazaxıstan və Azərbaycan Qazaxıstan neftinin Xəzər dənizilə nəqli və BTC kəmərinə doldurulması haqqında razılığa gəlib. İyunun 22-də Dövlət Departamentinin rəsmi nümayəndəliyinin yaydığı məlumata əsasən, həmin razılıqda boru kəməri və onun təmin etdiyi Şərq-Qərb əlaqələrinin strateji əhəmiyyəti vurğulanır.

685 km-lik Cənubi Qafqaz qaz kəməri BTC-nin marşrutu boyu, Bakıdan Gürcüstan-Türkiyə sərhədinə qədər uzanaraq Türkiyənin qaz şəbəkəsilə birləşməklə Cənub-Şərqi Avropaya qaz tədarükünü təmin edir.

M. Brayzanın sözlərinə görə, ABŞ və beynəlxalq ictimaiyət əvvəlki kimi tələb-təklif tarazlığı prinsipinə əsasən enerji daşıyıcılarının rəqabət qabiliyyətli bazarlarının yaradılmasına tərəfdardır.

M.Brayzanın dediklərinə görə, Qazaxıstanın bu yaxınlarda BTC neft boru kəmərinə qoşulması onu göstərir ki, bu layihə kommersiya baxımından vacib olduğu üçün uğur qazanıb. "Bazar qanunları ölkənin siyasi üstünlüklərindən xeyli güclüdür" - deyə o bildirib.

BTC və CQ boru kəmərləri "neft və qazın Avropa və dünya bazarlarına çatdırılmasının müxtəlifləşdirilməsi üzrə Avropa və Xəzər regionunda müttəfiq və dostlarımızla birgə səylərimiz çərçivəsində çox vacib layihələrdir. Kommersiya rəqabəti və tədarükün müxtəlifləşdirilməsinin bazar gücünə ümid - enerji daşıyıcıları bazarlarının səmərəliyinin yaxşılaşdırılması və enerji tədarükünün siyasi deyil, kommersiya mülahizələri ilə müəyyənləşdirilməsinin ən yaxşı yoludur" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti