...

Azərbaycan XİN başçısı: Dağlıq Qarabağ probleminin müsbət həlli müəyyən vaxt tələb edir

Siyasət Materials 17 İyul 2006 14:15 (UTC +04:00)
Azərbaycan XİN başçısı: Dağlıq Qarabağ probleminin müsbət həlli müəyyən vaxt tələb edir

Trend in Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla eksklüziv müsahibəsi

- İslam Konfransı Təşkilatının Bakıda keçirilmiş 33-cü sessiyasının yekunlarını necə qiymətləndirirsiniz? Bu tədbir Azərbaycan üçün nə dərəcədə səmərəli olub?

- İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirlərinin Bakıda keçirilmiş 33-cü sessiyasının yekunları istər gündəmdəki müzakirə olunmuş məsələlərin və qəbul edilmiş qərarların siyasi əhəmiyyəti, istərsə də təşkilati baxımdan iştirakçı ölkələr tərəfindən verilmiş yüksək qiymət nöqteyi-nəzərindən faydalı olmuş, müasir dünyamızın üzləşdiyi qlobal problemlər, təhlükə və çağırışların aidiyyatı üzrə ünvanlanması üçün geniş imkan açılmışdır.
Aparılmış müzakirələr zamanı Yaxın Şərqdə sülh prosesi, Somalidə və İraqda vəziyyət, İranın nüvə proqramı və s. kimi məsələlər diqqət mərkəzində olmuşdur. Sessiya zamanı "Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində islam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması" , "Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü", "Azərbaycan Respublikasına iqtisadi yardım" haqqında əhəmiyyətli qətnamələr qəbul edilmişdir.

- Rəsmi İrəvan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin irəliləməsi üçün hansı güzəştli addımlar atmalıdır? Yüksək səviyyəli görüşə hazırlıq görülürmü?

- Münaqişənin həllinə yönəlmiş səylər sülh danışıqları çərçivəsində davam etdirilməlidir. Bu kontekstdə Ermənistan tərəfi aparılmış müzakirələrə münasibətdə qeyri-konstruktiv bəyanatlardan çəkinməli, müasir dünyada işğalçılıq və etnik təmizləmə siyasətinin qəbuledilməzliyi faktı ilə barışmalıdır.
Yüksək səviyyəli görüşlərə gəldikdə isə, əgər söhbət prezidentlərin görüşündən gedirsə, qeyd edə bilərəm ki, hazırda danışıqlar Praqa sülh prosesi çərçivəsində aparılır. Praqa prosesinin mandatına uyğun olaraq, razılaşdırılmamış məsələlər xarici işlər nazirləri səviyyəsində razılaşdırıldıqdan sonra prezidentlərin müzakirəsinə təqdim edilir.
Təəssüflər olsun ki, bir sıra məsələlərdə, o cümlədən məcburi köçkünlərin daimi yaşayış yerlərinə qaytarılması məsələsində Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqlar prosesinə əngəl törədir. Məsələnin müsbət həlli isə müəyyən vaxt tələb edir. Beynəlxalq hüquq və beynəlxalq konvensiyalar zorla köçürülmüş şəxslərin daimi yaşayış yerlərinə qaytarılması hüququnu birmənalı olaraq tanıyır.

- Rəsmi Bakı Azərbaycanın işğal olunmuş ərazilərində tarixi və mədəni irsi məhv edən Ermənistanın vandallıq aktları və son zamanlar cəbhə xəttində törədilmiş yanğınlarla bağlı hansı tədbirləri görmək niyyətindədir?

- Məsələ İKT Xarici İşlər Nazirlərinin Bakıda keçirilmiş 33-cü sessiyası zamanı qaldırılmış, bununla əlaqədar İKT Baş katibi tərəfindən BMT Baş katibinə müraciət göndərilməsi qərara alınmışdır. Bundan əlavə, törədilmiş yanğınlar və digər vandallıq aktları ilə bağlı sənədlərin və peyk çəkilişlərinin dünya ictimaiyyətinin diqqətinə təqdim edilməsi məqsədilə Azərbaycan Respublikasının xarici ölkələrdə, xüsusilə də beynəlxalq təşkilatlarda akkreditə olunmuş diplomatik nümayəndəlikləri qarşısında vəzifələr qoyulmuşdur. Məsələ ilə əlaqədar bəyan edirik ki, yanğınların təbii və ya məqsədyönlü şəkildə həyata keçirilməsindən asılı olmayaraq, onun ölkəmizdə və ya regionumuzda törətdiyi ekoloji və maddi-mənəvi baxımdan mənfi fəsadları üzrə məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.

- Sizcə, Azərbaycanın GUAM-dakı əməkdaşlığının hansı perspektivləri var?

- Ümid edirəm ki, GUAM demokratik cəmiyyət quruculuğu və sosial - iqtisadi inkişaf, Avropa strukturlarına inteqrasiya, regionda sabitlik və təhlükəsizliyin bərqərar edilməsi kimi məsələlərin həllində, həmçinin müasir dövrdə üzv ölkələrin üzləşdiyi oxşar problem və çağırışları birgə həll etməyə qadir nüfuzlu beynəlxalq təşkilata çevriləcək.

- Bir sıra MDB dövlətlərinin bu təşkilatdan çıxmaq haqqında bəyanatlarını nəzərə alaraq, Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi necədir?

- Hələ ki, bizim MDB-də iştirakımızın səviyyəsinə yenidən baxmaq planlarımız yoxdur. Biz MDB-də müasir dünya quruculuğuna uyğun olmaq məqsədilə daha dərin islahatların tərəfdarıyıq.

- Rəsmi Bakı İranın nüvə proqramı ətrafında yaranmış gərginliklə bağlı hansı mövqeyi tutub? Problemin zorakı yolla həlli regiondakı vəziyyətə necə təsir göstərə bilər?

- Biz dəfələrlə bəyan etmişik ki, sülh məqsədləri və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq çərçivəsində nüvə proqramını inkişaf etdirmək hər bir dövlətin suveren haqqıdır. Ümid edirik ki, beynəlxalq ictimaiyyətin səyləri nəticəsində və diplomatik yollarla gərginlik aradan qaldırılacaq. Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsini ali vəzifə sayaraq, problemin hərbi yolla həllinə inanmırıq.

Xəbər lenti

Xəbər lenti