...

Ramiz Mehdiyev əmindir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni rəhbəri ona göstərilən etimadı doğruldacaq

Siyasət Materials 26 İyul 2006 17:50 (UTC +04:00)
Ramiz Mehdiyev əmindir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni rəhbəri ona göstərilən etimadı doğruldacaq

Dini problemləri müasir tələblərə uyğun şəkildə həll etmək lazımdır. Bu barədə, Trend agentliyinin "ANS" telekanalına istinadən yaydığı məlumata əsasən, Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev milli məsələlər üzrə keçmiş dövlət müşaviri Hidayət Orucovun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilməsi haqqında prezidentin dünənki sərəncamını şərh edərkən jurnalistlərə bildirib.

Onun sözlərinə görə, söhbət məsələnin inzibati yolla həllindən getmir. Dövlət Komitəsi dini qurumlarla işin təşkilində hökumətə köməklik göstərməli və bu fəaliyyət Konstitusiyaya müvafiq həyata keçirilməlidir. R.Mehdiyev qeyd edib ki, yarandığı gündən Dövlət Komitəsi vəzifələrinin çoxunu yerinə yetirib, lakin vaxt keçdikcə onun qarşısında yeni vəzifələr yaranıb. "Bu gün böyük iş təcrübəsinə malik və yeni vəzifələrin öhdəsindən uğurla gələ bilən adamın Dövlət Komitəsinin rəhbəri vəzifəsinə təyin edilməsi münasib və düzgündür" - deyə R.Mehdiyev əlavə edib. Prezident Aparatı rəhbərinin fikrincə, H.Orucov problemlərə dövlətçilik, qanun və Konstitusiya mövqeyindən yanaşır və o, prezidentin etimadını doğruldacaq.

Qeyd edək ki, H.Orucov 1992-ci ildə milli məsələlər üzrə dövlət müşaviri vəziyəsinə təyin olub. Dünən isə dövlət başçısının sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

Xəbər lenti

Xəbər lenti