...

"Azərros" prezidenti hesab edir ki, Moskvanın Çerkizov bazarındakı partlayışa iqtisadi nüfuz dairələrinin kriminal bölgüsü səbəb olub

Siyasət Materials 31 Avqust 2006 17:07 (UTC +04:00)

Trend in Moskvadakı xüsusi müxbirinin "Azərros" Rusiya azərbaycanlılarının Federal milli-mədəni muxtariyyətinin prezidenti Söyün Sadıqovla eksklüziv müsahibəsi

- Moskvanın Çerkizov bazarındakı partlayışın səbəblərinə dair müxtəlif versiyalar deyilib və deyilməkdədir. Hadisənin millətlərarası ədavət zəminində baş verməsi əsas versiya kimi gözdən keçirilir. Baş verənlərə dair Sizin hansı versiyanız var? Doğrudanmı, bu məsələnin Moskvanın millətçi təşkilatlarına aidiyyəti var?

- Bilirsinizmi, bu gün hər şeyi onların ayağına yazmaq olar. Radikal baxışlara malik millətçi təşkilatlar, həqiqətən də, mövcuddur və fəaliyyət göstərir, lakin burada əsas diqqət belə bir məsələyə yetirilməlidir ki, kənarda Rusiyanın yuxarı dairələrindən və siyasi təşkilatlarından olan elə insanlar var ki, onlar vəziyyətin gərginləşməsində maraqlıdır.

Seçkilər yaxınlaşır və, onların fikrincə, cəmiyyəti vahiməyə salmaq lazımdır. Məhz bu məqsədlə və öz vəzifələrini yerinə yetirmək üçün onlar çox vaxt təminatsız ailələrdən olan bu oğlanlardan istifadə edirlər.

Rusiyada elitarlar var və onları, şərti olaraq, üç kateqoriyaya bölmək olar. Birinci qrupa həqiqətən də Rusiyanın güclü dövlətçiliyə malik ölkə olmasını istəyən insanlar aiddir, digərləri isə müasir Rusiya cəmiyyətinin problemlərindən istifadə edərək açıq-aşkar ölkənin süqutu üçün çalışırlar. Ona görə də mən DİN, FTX və Prokurorluğun bunların xalis millətçilik təzahürləri olması haqqında bəzi mülahizələrini qəbul etmirəm.

Mən hesab edirəm ki, partlayışa iqtisadi nüfuz dairələrinin kriminal bölgüsü səbəb olub, partlayışın təşkilatçılarının əsas məqsədi isə var səsləri ilə qışqırmaqdır: Rusiyaya nizam-intizam yaradacaq, dövləti möhkəmləndirəcək, rus xalqının qayğısına qalacaq güclü hakimiyyət, güclü əl lazımdır.

Biz hətta ən radikal millətçi təşkilatlarla çox sıx əlaqə yaradırıq. Mən dəfələrlə "barkaşovçular"ın qurultayında iştirak etmişəm, "Azərros" Media-holdinqin nümayəndələri isə bu tədbirləri obyektiv surətdə işıqlandırıb və işıqlandırmaqdadır. Düzünü desək, onlar açıq-açığına kiminləsə ədavət və düşmənçilik etmir, onlar öz millətləri və dövlətlərinin taleyi üçün narahatdırlar. Özləri də yaxşı başa düşürlər ki, əgər bu gün Rusiyada millətlərarası münaqişə şiddətlənsə, o zaman bu, ilk növbədə ruslarının özünə ziyan vuracaq, faciəyə çevriləcək. Bu halda ruslar dərhal Tatarıstandan, Şimali Qafqazdan və digər milli respublikalardan getməli olacaqlar. Elə alınacaq ki, ruslar bununla özləri özlərinə böyük problemlər yaradacaqlar. Məhz buna görə həmin təşkilatın nümayəndələri millətlərarası ədavət yaratmaqda maraqlı deyillər.

Lakin elə adamlar da var ki, onlar kölgədə duraraq, millətçilərin hər addım və mülahizələrindən öz məqsədləri üçün istifadə edirlər. İyun ayında biz hər yerə səs salmış "Biz- Rusiyalıyıq!" adlı forum keçirdik və bundan dərhal sonra "barkaşovçular" və başqaları məni öz sıralarına dəvət etdilər. Lakin mən etiraz etdim, bundan əvvəl isə "Vahid Rusiya", RFKP və RLDP və başqalarının bütün təkliflərini rədd etmişdim. Mən Rusiya azərbaycanlılarının FMMM -in rəhbəriyəm, "Azərros" hər zaman neytral olub və olacaq. Hesab edirəm ki, təşkilatımızın siyasiləşməsinə yol verməmək üçün mən heç bir partiyada iştirak etməməliyəm. "Azərros"da müxtəlif millətlərdən olan insanlar çalışır, biz hər yerdə olur, bu və ya digər tədbirləri obyektiv surətdə işıqlandırırıq.

Yeri gəlmişkən, mən hələ partlayışa qədər "barkaşovçular"a Çerkizov bazarının yaxınlığında, "İzmaylovo"da öz partiyalarının qurultayını keçirməmələrini məsləhət görmüşdüm. Çünki onların "Rus" Rusiya Konstitusiyasını Mühafizə Partiyasının (RKMP) yaradılmasını istəməyən real qüvvələr var. Mən xəbərdar etdim ki, onlara qurultay keçirməyə imkan verməyəcəklər, nə isə edəcəklər, aranı qarışdıracaqlar və onların partiyasına qara yaxacaqlar. Elə də oldu. Çerkizovdakı partlayışdan sonra hamı elə bil "yeri gəlmişkən" xatırladılar ki, RKMP burada qurultay keçirib. Və bütün KİV-lər bildirdi ki, qurultayda qeyri-rus millətlərin nümayəndələrinin ünvanına ekstremist bəyanatlar, çağırışlar və təhdidlər səslənib. Lakin sizi əmin edirəm ki, qurultayda bunların hes biri olmamışdı, mən şəxsən özüm orada idim. Onlar sadəcə olaraq, rusları vətənpərvər olmağa, öz Vətənlərini, mədəniyyətlərini, adət və ənənələrini sevməyə çağırıblar. Bunun nəyi pisdir? Bu çağırışlarda hədələyici heç bir şey yoxdur. Axı biz - azərbaycanlılar da öz Vətənimizi sevir, öz zəngin mədəniyyətimiz və s. ilə fəxr edirik. Partlayış istənilən yerdə ola bilərdi, axı Moskvada qeyri-rusların işlədiyi kifayət qədər bazar var. Lakin partlayış məhz həmin yerdə baş verib və bu, çox şeydən xəbər verir.

Elə insanlar var ki, onlar həm daxildən, həm də xaricdən Rusiya cəmiyyətinin problemləri ilə "oynayır". Bu halda mən əminəm ki, partlayış xarici təsirlər altında baş verib. Mən rus millətçilərini qəti müdafiə etmirəm, onların arasında xəstə adamlar da var, lakin onların əksəriyyəti rusları sərxoşluqdan, tənbəllikdən əl çəkməyə çağırır və bildirirlər ki, rus millətinin nəsli kəsilir, özünü qorumaq və yaşamağa çalışmaq lazımdır. Axı bu həqiqətən belədir. Onlar iqtisadiyyatı inkişaf etdirmək və möhkəmləndirmək, öz həyətlərini təmizləmək, evlər, zavodlar, fabriklər tikmək, 85%-i ruslardan ibarət olan Rusiya əhalisinin rifahı üçün ölkə büdcəsini artırmaq istəyirlər. Ruslar ölkənin əksər hissəsini təşkil edərək, öz ölkələri -Rusiyaya görə məsuliyyət daşıyırlar. Lakin təkrar olaraq deyirəm ki, onların arasında xəstə insanlar da var, hər bir xalqın tərkibində belə insanlar var və insanların məhz bu hissəsi xarici qüvvələr tərəfindən idarə olunur.

- Müasir Rusiya cəmiyyəti üçün hansı problemi ən aktual adlandırmaq olar? Şübhəsiz ki, belə problemlər çoxdur, lakin ən aktual olan haqqında danışmağa çalışın.

- Düşünürəm ki, bu, Rusiyanın mühacirət siyasəti və mühacirət ilə sıx əlaqədə olan demoqrafik problemdir. Bu problem biz azərbaycanlıları da narahat edir. Ona görə də biz sentyabrın 14-də "Rusiyaya hansı mühacirlər lazımdır?" mövzusunda forum keçirəcəyik.

Qeyd etmək istəyirəm ki, hazırki mühacirətin vəziyyəti Rusiya sakinləri üçün heç sərfəli deyil. Hazırkı mühacirət vəziyyəti Rusiya üçün çox təhlükəlidir. Məsələn, bu, tibbi nöqteyi-nəzərdən, millətin səhhəti nöqteyi-nəzərindən çox təhlükəlidir, çünki Rusiyaya pul qazanmaq üçün gələn mühacirlərin əksəriyyəti antisanitar şəraitdə yaşayır, heç bir tibbi müayinədən keçmir, onlardan qul kimi istifadə edirlər. Onlarda çoxlu yoluxucu xəstəliklər olur və bütün bunlar yerli əhaliyə keçir, axı biz nəqliyyatda, kafedə, mağaza və bazarlarda, aeroport və vağzallarda onlarla qarşılaşırıq. Ona görə də bu cür nəzarətsiz mühacirət Rusiya üçün sərfəli deyil.

Lakin, bununla yanaşı, Rusiyaya mühacirlər lazımdır, çünki onlarsız - əhali ildə milyon nəfər azalsa, Rusiya öz iqtisadiyyatını, istehsalatını artıra bilməz. Ona görə də dövlət mütləq və ciddi surətdə nə isə etməlidir. Siz, yəqin ki, Qanunsuz mühacirətə qarşı Hərəkat (QMQH) adlı təşkilatın olduğunu eşitmisiniz. Həmin təşkilata Belov soyadlı şəxs rəhbərlik edir. Onların saytına bir dəfə baxmaqla onların provokator olduqlarını anlamaq olar. Onlar kənardan maliyyələşdirilir və arxalarında kimin durduğu məlumdur. Və maraqlısı budur ki, özlərini guya "Rusiya vətənpərvərləri" adlandıraraq onlar kiməsə qarşı, yəni digər millətlərin nümayəndələrinə qarşı yox, məhz azərbaycanlılara qarşı çıxış edirlər.

Dövlət mühacirlərin sosial cəhətdən müdafiə olunmaları üçün nə isə etməlidir, ona görə də forum və ictimai fəallığımızla biz bu məsələyə birdəfəlik nöqtə qoymaq və Belov kimilərin ağzını yummaq istəyirik. Biz DİN, Regional İnkişaf Nazirliyinin rəhbər və nümayəndələrini, rəsmi dairələrin, digər nazirlik və idarələrin nümayəndələrini, ictimai hərəkatları, siyasi partiyaları, diaspor birliklərini, KİV və başqalarını bu foruma dəvət etmişik və mühacirət siyasətində Rusiya cəmiyyətinə nəyin lazım olduğunu müəyyən edəcəyik. Mən özüm RF Prezidenti yanında mühacirət və milli siyasət məsələləri üzrə Mərkəzi Federal Dairə üzrə Ekspert Şurasının üzvüyəm və hər zaman bəyan edirəm ki, mühacirlərin hamısını qanunsuz adlandırmaq olmaz. Bura, Rusiyaya onların hamısı və ya, demək olar ki, hamısı qanuni şəkildə gəlir, yəni onlar sərhəddən keçir, əvvəlcə özlərinin, sonra isə Rusiyanın gömrükxanasında qeydiyyatdan keçirlər. Qanunsuzluq budur ki, kimsə gizli və ya başqa qeyri-qanuni yolla sərhəddən keçir. Lakin burada çox adamlar

var ki, sərhədi qanuni surətdə keçir, sonra isə RF ərazisində olma müddəti, sənədlər və s. üzrə xarici vətəndaşların qalması haqqında qanunu pozur. Və biz bu forumu yalnız tənqid məqsədi ilə çağırmamışıq, Rusiyanın mühacirət siyasəti sahəsində yaranmış mürəkkəb vəziyyətdən çıxmaq üçün öz təkliflərimizi irəli sürmək istəyirik.

Xəbər lenti

Xəbər lenti