ABŞ senatinin xarici əlaqələr komitəsinin sədri senator Riçard Luqar Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib. Trend in xəbər verdiyi kimi, məktubda senator Azərbaycana son səfəri zamanı ona göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına təşəkkürünü bildirib.
Riçard Luqar məktubunda İlham Əliyevi 2005-ci ildə yoxsulluğun 40 faizdən 29 faizə endirilməsi, 300 yeni məktəbin inşa edilməsi, son iki il yarım ərzində 435 min yeni iş yerinin açılması münasibətilə təbrik edib.
"Azərbaycan parlaq gələcəyin başlanğıcındadır. Qarşıda duran məqsədlər yaradıcılıq, qətiyyət və güclü demokratik idarəçilik sistemi tələb edir. Mən bu vacib regionda çiçəklənən demokratik lider ölkəyə çevrilməsi ilə bağlı güclü potensialını reallaşdırması naminə Azərbaycanla yaxından işləmək arzusundayam", - deyə məktubunda senator qeyd edib.