...

"Bizim Azərbaycan" bloku oktyabrın 19-da Fransanın Azərbaycandakı səfirliyi qarşısında piket keçirəcək

Siyasət Materials 13 Oktyabr 2006 15:31 (UTC +04:00)

"Bizim Azərbaycan" bloku oktyabrın 19-da Fransanın Azərbaycandakı səfirliyi qarşısında piket keçirəcək. Bu barədə Trend ə adıçəkilən blokun katibi Yusif Muğansoy bildirib.

Y.Muğansoy qeyd edib ki, piketin keçirilməsi ilə bağlı qərar "Bizim Azərbaycan" bloku Sədrlər Şurasının oktyabrın 13-də keçirilən toplantısında qəbul edilib.

Onu da bildirək ki, piket Fransa parlamentinin milli assambleyasında qondarma erməni soyqrımı ilə bağlı qəbul edilən məlum qanun layihəsinə etiraz olaraq planlaşdırılıb.

"Bizim Azərbaycan" bloku Sədrlər şurası hesab edib ki, Fransa dövləti bu addımı atmaqla demokratik dəyərlərinə hörmətsizlik edib. Blok Fransanın ATƏT-in Minsk Qrupunda həmsədrlik missiyasından uzaqlaşdırılması ilə bağlı Azərbaycanın dövlət başçısına və bir sıra beynəlxalq təşkilatlara da müraciət ünvanlayacağını qərara alıb. Hesab olunub ki, Fransa türk dünyasına qarşı belə ədalətsiz addım atıbsa, onda Dağlıq Qarabağ problemində də eyni mövqedən çıxış edir.

"Bizim Azərbaycan" bloku 2003-ci il prezident seçkiləri öncəsi Müsavat Partiyasının sədri İsa Qəmbərin təşəbbüsü ilə yaradılıb. Prezident seçkilərindən iki ilə sonra - 2005-ci il parlament seçkilərində İ.Qəmbər "Azadlıq" blokunda təmsil olunduğuna görə blok iki yerə parçalanıb. İ.Qəmbərin liderliyini qəbul etməyən "Bizim Azərbaycan" blokunda hazırda 10-ya yaxın siyasi partiya təmsil olunur.

Xəbər lenti

Xəbər lenti