...

Vahid Ərdəm: "Rusiya NATO-nun Cənubi Qafqaz ölkələrinə yaxınlaşmasını arzulamır"

Siyasət Materials 17 Oktyabr 2006 18:13 (UTC +04:00)

Rusiya NATO-nun Cənubi Qafqaz ölkələrinə yaxınlaşmasını arzulamır. Trend xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan NATO Parlament Assambleyasının (PA) Təhlükəsizlik və Müdafiə üzrə Komitənin gələcək təhlükəsizlik və müdafiə üzrə alt komitəsinin sədri Vahid Ərdəm oktyabrın 17-də Milli Məclisdə keçirdiyi mətbuat konfransında bildirib.

V.Ərdəm onu da qeyd edib ki, NATO açıq siyasət yürüdür. Rusiya ilə NATO arasında heç bir problemin olmadığını deyən Alt Komitənin sədri buna baxmayaraq rəsmi Moskvanın qurumun Cənubi Qafqaz dövlətləri ilə əlaqələrinin qurulmasını istəmədiyini deyib.

NATO rəsmisi Ermənistana səfər etdiyini və bu dövlətin NATO ilə yaxınlaşmasını istəməyən qüvvələrin də olduğunu söyləyib. V.Ərdəm vurğulayıb ki, NATO PA Avropa Şurası və BMT-dən fərqli qurum olduğundan Dağlıq Qarabağ məsələsində Ermənistanın işğalçı siyasətini pisləyən qətnamələr qəbul edə bilmir: "NATO Cənubi Qafqazın ümumi problemləri ilə bağlı sənəd hazırlayır. Ayrı-ayrı münaqişələrlə bağlı sənəd hazırlamır".

Münaqişə zonasında NATO-nın sülhməramlı qüvvələrin yerləşdirilə biləcəyi ilə bağlı jurnalistlərin suallarını cavablandıran V.Ərdəm deyib: "Ermənistan ordusunu işğal etdiyi ərazilərdən çəkəndən sonra bu məsələ həyata keçirilə bilər".

V.Ərdəm Bakıda keçirdiyi görüşlərdən məmnun qaldığını və Azərbaycanın inkişaf etdiyinin şahidi olduğunu da vurğulayıb.

Xəbər lenti

Xəbər lenti