...

MSK sədri: "Nəticələri etibarsız sayılan üç bələdiyyəyə üç ay müddətində təkrar seçki keçiriləcək"

Siyasət Materials 27 Oktyabr 2006 14:08 (UTC +04:00)

"Nəticələri etibarsız sayılan üç bələdiyyəyə qanunu tələbinə uyğun olaraq üç ay müddətində təkrar seçki keçiriləcək". Bu barədə Trend ə eksklüziv açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib.

Qeyd edək ki, 6 oktyabrda keçirilmiş təkrar, əlavə, yeni və ilk bələdiyyə seçkilərinin nəticələrini MSK oktyabrın 25-də təsdiqləyib və yekun protokollar imzalanıb. Ümumilikdə 6 seçki dairəsi üzrə 21 seçki məntəqəsinin nəticələri etibarsız sayılıb. Lakin bu qərar bütün bələdiyyələr arasında yalnız üçünün ümumi nəticələrinə təsir göstərib və 13 saylı Əzizbəyov seçki dairəsinin Buzovna kənd bələdiyyəsi, 54 saylı Dəvəçi -Siyəzən seçki dairəsinin Məliklər və Uzunboyat kənd bələdiyələri üzrə seçkilərin nəticələri tanınmadı.

MSK sədri M.Pənahov deyib ki, Azərbaycanın seçki qanunvericiliyinə görə, nəticələri etibarsız sayılan bələdiyyələr üzrə 3 ay müddətində təkrar seçkilər keçirilməlidir. M.Pənahov onu da deyib ki, bələdiyyə seçkilərinin vaxtını yalnız MSK təyin edir: "Ona görə də biz çalışacağıq ki, 3 ay ərzində seçkini keçirək. Təkrar seçkidə həmin üç bələdiyyədə tam tərkib, yə 11 nəfər bələdiyyə üzvü seçiləcək".

Qeyd edək ki, oktyabrın 25-də MSK həm də iki komissiyanın buraxılmsı barədə qərar çıxarıb. Yol verdiyi qanun pozuntuları və işinin öhdəsindən gələ bilmədiyi əsas gətirilərək 54 saylı Dəvəçi-Siyəzən dairəsinin dairə seçki komissiyasının və 13 saylı Əzizbəyov dairəsinin 11 saylı məntəqə seçki komissiyasının tərkibi buraxıldı.

M.Pənahov bildirib ki, həmin iki seçki komissiyasının tərkibi yaxın vaxtlarda yenidən formalaşdırılacaq: "Bu iş qısa müddətdə həyata keçiriləcək. Çünki həmin dairələrin ərazisində təkrar seçki keçiriləcək. Ona görə də təkrar seçkiyə qədər bu komissiyalar formalaşdırılmalıdır ki, öz vəzifələrindən irəli gələn bütün proseduraları həyata keçirə bilsin"-deyə MSK sədri qeyd edib.

M.Pənahov onu da deyib ki, tərkibi buraxılan seçki komissiyalarına tamamilə başqa şəxslər seçiləcək. Yəni, əvvəlki üzvlərdən heç biri təkrarən seçki komissiyasına üzv seçilə bilməz.

MSK sədri xatırladıb ki, 603 bələdiyyə üzrə keçirilmiş seçkilər zamanı 22 bələdiyyəyə ilk dəfə, 141 bələdiyyəyə təkrar, 440-da yeni və əlavə seçkilər olub. Yalnız bir bəldəiyyədə bir nəfərin yeri boş qalıb, çünki 11-ci və 12-ci namizədlər bərbər sayda səs topladıqları üçün hər ikisi seçilməmiş sayılıb. 600 bələdiyyə üzrə seçkinin nəticələri etibarlı hesab edilib, 3-nün nəticələri tanınmayıb.

Xəbər lenti

Xəbər lenti