...

Bakıda QİƏT PA Baş Assambleyasının 28-ci sessiyası başa çatdı

Siyasət Materials 23 Noyabr 2006 16:10 (UTC +04:00)

QİƏT PA Baş Assambleyasının 28-ci plenar sessiyası ən yüksək səviyyədə keçdi. Trend xəbər verir ki, bu barədə sessiyanın yekunu üzrə keçirilmiş mətbuat konfransında QİƏT PA Baş Assambleyası sədrinin müavini, Azərbaycan parlamentinin deputatı Asəf Hacıyev məlumat verib.

O, həmçinin Ermənistanın bu görüşdə iştirak etməməsi məsələsinə də toxunub və bunu ermənilərin qeyri-konstruktiv mövqeyinin təkrar sübutu kimi qiymətləndirib. A.Hacıyev bildirib ki, dəvətnamələr QİƏT PA-nın bütün üzv-ölkələrinə göndərilib. Azərbaycan öz növbəsində Ermənistanda keçirilən Baş Assambleyanın 27-ci sessiyasında iştirak edib. Azərbaycan bir daha sübut etdi ki, münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır.

A.Hacıyev əlavə edib ki, QİƏT PA sessiyasında üç istiqamətdə məsələlər müzakirə olunub: təşkilatın üz-ölkələrinin siyasi, iqtisadi və mədəni əməkdaşlığı. O bildirib ki, təşkilatın parlaq gələcəyi var və QİƏT PA-nın sonuncu sessiyasının gedişi belə nəticəyə gəlməyə əsas verir. Təşkilat nümayəndəsi əmindir ki, QİƏT PA Qara dəniz bölgəsində gedən proseslərə təsir edə bilər.

Gürcüstanın QİƏT PA-dakı nümayəndə heyəti başçısının müavini David Saqanelidze həmçinin dondurulmuş münaqişələr məsələsinə də toxunub və o cümlədən Gürcüstan - Abxaziya, Gürcüstan - Cənubi Osetiya münaqişələrini qeyd edib. O təəssüflə bildirib ki, QİƏT PA iqtisadi qurumdur və belə məsələlərin həlli bu təşkilatın səlahiyyətinə daxil deyil. "Ümid edirik ki, bu və başqa təşkilatlar mövcud münaqişələr məsələsində ümumi yanaşma tapa biləcəklər. Lakin hələ bu məsələlərin real həlli yoxdur", - deyə D.Saqanelidze vurğulayıb.

Digər nümayəndələr də həmçinin sessiya ərzində müzakirə olunan problem və ideyalara dair öz fikirlərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti