...

ATƏT-in səfiri: Azərbaycanda keçirdiyim iş dövrü mənim üçün çox maraqlı və fəal oldu

Siyasət Materials 1 Dekabr 2006 15:26 (UTC +04:00)
ATƏT-in səfiri: Azərbaycanda keçirdiyim iş dövrü mənim üçün çox maraqlı və fəal oldu

Azərbaycanda keçirdiyim iş dövrü mənim üçün çox maraqlı və fəal oldu. Trend xəbər verir ki, bu barədə dünən Azərbaycandakı missiyasını başa vurmuş ATƏT-in Bakı ofisinin başçısı Maurisio Pavesi bu gün jurnalistlər üçün keçirilən brifinqdə bəyan edib.

O qeyd edib ki, bu gün Azərbaycanı tərk edir və Romaya qayıdır. Orada gələn həftə onun yeni təyinatı ilə bağlı məsələ həll olunacaq. M.Pavesi həmçinin bildirib ki, növbəti 20 gün ərzində onun yerinə təyin olunacaq yeni namizəd məlum olacaq və bununla əlaqədar seçim başlayıb.

Son iki il yarım vaxt ərzində Azərbaycandakı fəaliyyətinə gəlincə, səfir bildirib ki, ölkədə yeni neft erasına təkanın verilməsinin şahidi olub. Ölkənin iqtisadi inkişafı 35 faizə çatıb.

O vurğulayıb ki, bu dövr ərzində ATƏT-in Bakı ofisinin fəaliyyətində də dəyişikliklər baş verib, yeni prioritetlər, layihələr müəyyənləşdirilib. M.Pavesi hesab edir ki, Azərbaycanın məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı layihələri yerinə yetirmək, hüquq-mühafizə orqanları üçün treninqlər keçirmək üçün kifayət qədər vəsaitinin olmasına baxmayaraq, ATƏT bu layihələri həyata keçirərək, Azərbaycan hökümətinə bu prioritetləri müəyyənləşdirməkdə köməklik göstərib.

Səfir əmindir ki, onun yerinə ölkə ilə tanış olmayan və yeni ideyalar gətirə bilən, vəziyyəti yeni şəkildə təhlil edə bilən insanın gəlməsi üçün onun Azərbaycandan getmək vaxtı çatıb. M.Pavesi həmçinin bildirib ki, 2007-ci ildən ATƏT-in Bakı ofisinin əməkdaşlarının sayı artacaq və bu, həm yerli, həm də beynəlxalq mütəxəssislər olacaq.

M.Pavesi burada işlədiyi vaxt ərzində Azərbaycandakı dəyişiklikləri qiymətləndirərək qeyd edib ki, iqtisadi inkişaf artımının 35 faiz təşkil etdiyi ölkədə işləmək çətindir.

Səfir qeyd edib ki, bu artımla bağlı ölkənin ictimai idarəsində dəyişikliklər etmək lazımdır. O hesab edir ki, Azərbaycanda iqtisadi bum Çindəkindən iki dəfə çoxdur. İqtisadi inkişafla paralel olaraq mədəni və mental dəyərlər də inkişaf etməlidir.

"Azərbaycanda qanunlar çox yaxşıdır, lakin real problem - bu qaydalardan istifadə edilməsidir. Hesab edirəm ki, Azərbaycanda ilk növbədə qanunlara tabe olmaq məsələsi, eləcə də mətbuatın plüralizminin qorunması məsələsi həll olunmalıdır", - deyə M.Pavesi bildirib.

Xəbər lenti

Xəbər lenti