...

YAP icra katibinin müavini Səyavuş Novruzov: "YAP həmişə dialoqa hazır olub"

Siyasət Materials 11 Dekabr 2006 17:53 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası mütəmadi olaraq iqtidar-müxalifət dialoqunun baş tutmasına cəht göstərib. Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Səyavuş Novruzov bildirib.

"Hətta bir müddət ATƏT-in Bakı ofisində bu məsələ ilə məşğul oldu. Biz müraciətlər göndərmişik ki, istənilən bir məsələnin müzakirəsinə hazırıq. Lakin müxalifət bu prosesi pozdu. Müxalifətin belə bir addım atmasının səbəbləri aydındır. Bizim kifayət qədər arqumentimiz və əsasımız var ki, istənilən məsələni müzakirə edək və obyektiv həqiqətləri ortaya qoyaq. Amma müxalifətin belə bir arqamentləri yoxdur."

S.Novruzov vurğulayıb ki, müxalifət partiyaları mətbuatda və digər yerlərdə səsləndirdikləri fikirləri üzbəüz danışıqlarda əsəslandıra bilmirlər.

"Müxalifət partiyalarının daxilində hər hansı bir adam iqtidarla dialoq aparmağın tərəfdarı kimi çıxış edən kimi onu iqtidara işləməkdə və digər məsələlərdə ittiham və şantaj edirlər. Bütün bunlara baxmayaraq bir daha bəyan edirik ki, YAP dialoqa hazırdır."

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası 1991-ci ildə yaradılıb. Partiyanın ilk sədri Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyev olub. 1993-cü ildən hakimiyyətdə olan YAP-ın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti