...

AXCP sədri Nəsimi rayon məhkəməsinin qərarından apellyasiya şikayəti verdi

Siyasət Materials 13 Dekabr 2006 18:36 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ümumvətəndaşlıq pasportu ala bilməməsi ilə bağlı şikayəti əsasında Nəsimi rayon məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti verib. Bu barədə Trend ə AXCP-dən məlumat verilib.

Qeyd edək ki, AXCP sədri 1992-ci ildə barəsində açılmış cinayət işinə qanunsuz olaraq hələ də xitam verilmədiyini, vətəndaşların sərbəst hərəkət etmək azadlığına maneələr yaratdığını əsas gətirərək Nəsimi rayon prokurorluğundan məhkəməyə şikayət vermişdi. Nəsimi rayon məhkəməsində partiya sədrinin iddiasına baxılıb və şikayət təmin edilməyib. AXCP sədrinin müşaviri Tofiq Quliyev Nəsimi rayon məhkəməsinin bu qərarından Apellyasiya Məhkəməsinə şikayət verib. Hüquqşünas T.Quliyev bildirib ki, şikayət işlə birlikdə bu günlərdə apellyasiya baxışına göndəriləcək və şikayətə baxılacaq. "Əgər Apellyasiya Məhkəməsi AXCP sədrinin şikayətini təmin etməzsə, Ali Məhkəməyə də müraciət olunacaq. Bütövlükdə bu məsələ hüquqi müstəvidə Azərbaycanda öz həllini tapmasa, Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyi planlaşdırırıq"-deyə hüquqşünas bildirib.

Qeyd edək ki, müxalifəti təmsil edən AXCP hazırda "Azadlıq" siyasi blokunun üzvü və həmtəsisçisidir. Partiyanın qurucusu və 2000-ci ilə qədər sədri Azərbaycanın eks-prezidenti mərhum Əbülfəz Elçibəy olub. 2000-ci ildən indiyədək AXCP-yə keçmiş dövlət katibi, sabiq deputat Əli Kərimli sədrlik edir.

Xəbər lenti

Xəbər lenti