...

Azərbaycan prezidenti taninmiş rəssamlarla görüşüb

Siyasət Materials 27 Dekabr 2006 20:15 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 27-də Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyində Rəssamlar İttifaqının 65 illik yubileyi ilə əlaqədar ölkəmizin tanınmış rəssamları ilə görüşüb. Bu barədə Trend xəbər verir.

Dövlət başçısı görüşdən əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirə otağında müasir Azərbaycan rəssamlarının ulu öndərə həsr etdikləri rəngkarlıq əsərlərinə, habelə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın abidəsinə baxdı. Bu abidə xalq rəssamı, akademik Ömər Eldarovun ən gözəl əsərlərindən biridir.

Rəssamlar İttifaqının 65 illik yubileyi ilə əlaqədar muzeyin sərgi salonunda artıq həyatdan getmiş görkəmli fırça ustalarının əsərlərindən ibarət retro sərgi təşkil edilib. Prezident İlham Əliyev bu sərgi ilə də tanış olub. Prezidentə məlumat verilib ki, burada qrafika və boyakarlıq janrında çəkilmiş 25 əsər nümayiş etdirilir.

Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov görüşə gəldiyinə görə dövlət başçısına dərin minnətdarlığını bildirib, müasir İncəsənət Muzeyinin tikilməsi ilə bağlı qərarın hazırda icra olunduğunu, bunun müasir sənətin mərkəzi rolunu oynayacağını bildirib. F.Xəlilov ulu öndər Heydər Əliyevin 80 illiyi ilə əlaqədar "Azərbaycanın müstəqilliyi və Heydər Əliyev" beynəlxalq sərgi-müsabiqənin keçirildiyini və bu tədbirə 27 ölkənin rəssamlarının gəldiyini bildirib və həmin sərgi-müsabiqədə nümayiş etdirilən əsərlərin fotoşəkillərindən ibarət albomu xatirə olaraq Prezident İlham Əliyevə təqdim edib. O deyib ki, bu il ilk dəfə olaraq Rəssamlar İttifaqı qızıl medal təsis edib. Rəssamlar İttifaqının Rəyasət heyəti ilk qızıl medalı Prezident İlham Əliyevə təqdim edib.

Xəbər lenti

Xəbər lenti