...

Azərbaycan prezidenti ABŞ-Azərbaycan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının nümayəndə heyətini qəbul edib

Siyasət Materials 6 Fevral 2007 20:16 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da ABŞ dövlət katibinin iqtisadiyyat, energetika və biznes məsələləri üzrə müavini, ABŞ-Azərbaycan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Dəniyel Sullivanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend xəbər verir.

Dəniyel Sullivan ölkəmizə səfərin əsas məqsədinin ABŞ-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə İşçi qrupunun Birgə İqtisadi Əməkdaşlıq Komissiyasına çevrilməsi barədə hökumətlərarası sazişin imzalanması olduğunu vurğulayıb. O, son illərdə, xüsusilə Prezident İlham Əliyevin ABŞ-a səfərindən ötən müddətdə iqtisadi əlaqələrin sürətlə inkişaf etməsinin belə bir Komissiyanın yaradılmasını zəruri etdiyini bildirib. Qonaq iqtisadi əlaqələrin tez bir zamanda belə səviyyəyə çatdırılmasında Azərbaycan Prezidentinin rolunu yüksək qiymətləndirib.

İlham Əliyev bu səfərin Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib. Ölkələrimiz arasında iqtisadi əlaqələrin səviyyəsini qaldırmaq üçün hər iki tərəfin maraqlı olduğunu qeyd edən Prezident iqtisadi əməkdaşlığın yalnız neft sektorunda deyil, qeyri-neft sektorunda da uğurla inkişaf etməsinin önəmli olduğunu vurğulayıb. Azərbaycanın iqtisadi cəhətdən sürətlə inkişaf etdiyini xatırladan dövlətimizin başçısı ABŞ şirkətlərinin ölkəmizlə əməkdaşlığından məmnunluğunu söyləyib.

Dəniyel Sullivan ölkəsinin Azərbaycanla qeyri-neft sektorunda da fəal əməkdaşlıq etməkdə maraqlı olduğunu və rəhbərlik etdiyi nümayəndə heyətinin əsasən ABŞ-ın qeyri-energetika sahəsini təmsil etmələrini bu marağın bariz nümunəsi olduğunu bildirib. Qonaq deyib ki, nümayəndə heyətinə ABŞ-ın mühüm dövlət orqanları və nazirliklərinin nümayəndələrinin daxil olması ABŞ-ın Azərbaycan ilə iqtisadi əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinə önəm verməsinin göstəricisidir.

Xəbər lenti

Xəbər lenti