ABŞ Azərbaycanda Amerikanın raketdən müdafiə sisteminin (RMS) tərkib hissəsi olan mobil radarın quraşdırılması istəyi barədə müraciət etməyib. Bu barədə Vaşinqtonda işgüzar səfərdə olan Elmar Məmmədarov çərşənbə günü İTAR-TASS-ın müxbirinə müsahibəsində bildirib. "Belə təklif daxil olmayıb",-deyə o vurğulayıb.
Nazir həmçinin ölkə qanunvericiliyinə əsasən xarici hərbi baza və obyektlərin Azərbaycan ərazisində yerləşdirilməsinin mümkünsüzlüyünü qeyd edib. Qəbələ radio lokasiya stansiyasını misal çəkən nazir: "Rusiyaya icarəyə verilsə də, bu stansiya Azərbaycana məxsusdur. Bununla yanaşı, stansiyada olan bütün avadanlıq da Azərbaycanın hesab olunur. Əgər kimsə burda mobil radar quraşdırmaq istəsə o da Azərbaycan mülkiyyətinə keçəcək",-deyə bildirib.
Martın 1-də Brüsseldə mətbuat konfransında Pentaqonun yaradılan RMS çərçivəsində Qafqazda mobil RLS-ə sahib olmaq imkanı barədə məlumat verən Raketdən Müdafiə Sistemi Agentliyinin rəhbəri Henri Oberinq: "Biz bu regionda radar yerləşdirmək istərdik",-deyə bildirsə də, söhbətin məhz hansı ölkədən getdiyini dəqiqləşdirməyib. Oberinqin sözlərinə görə, belə əlavə bir RLS-in RMS üçün xüsusi əhəmiyyətli olmasa da fayadalı ola biləcəyini bildirib.
O zaman hərbi ekspertlər söhbətin ya Azərbaycandan, ya da Gürcüstandan gedə biləcəyini bildirmişdilər. Çərşənbə axşamı Vaşinqtonda işgüzar səfərdə olan Gürcüstan parlamentinin spikeri Nino Burcanadze isə hələ belə bir təklifin olmadığını bildirib.