...

Azərbaycanın Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər layihəsi sentyabradək parlamentə təqdim olunacaq

Siyasət Materials 30 Aprel 2007 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Beynəlxalq ekspertlərin təşəbbüsü ilə Azərbaycanın Cinayət Məcəlləsinə 40-dək əlavə və dəyişikliklər edilib. Bu barədə jurnalistlərə bazar ertəsi yeni məcəllə layihəsinin hazırlığı üzrə komissiyasının üzvü, Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi Müzəffər Ağazadə məlumat verib.

Onun sözlərinə görə, respublikanın bütün hüquq-mühafizə strukturları nümayəndələrinin daxil olduğu komissiya (komissiyaya ölkənin Ali Məhkəməsinin sədri rəhbərlik edir) avropalı ekspertlərin bütün təkliflərinə baxıb, onların bəzilərini qəbul edib. Ağazadənin sözlərinə görə, bu təkliflər arasında cinayət məsuliyyətinə fiziki şəxslərlə yanaşı hüquqi şəxslərin cəlb olunması, Cinayət Məcəlləsindən kişilərlə müqayisədə qadınlar üçün cəza tədbirlərinin yumşaldılmasını nəzərdə tutan maddənin çıxarılması, habelə zərif cins nümayəndələrinə ömürlük həbs cəzasının verilməsi kimi məsələlər var. Qeyd edək ki, bu vaxtadək Azərbaycanda qadınlara ömürlük cəza kəsilməyib.

Ekspertlər həmçinin Cinayət Məcəlləsindən jurnalist məqalələrinə görə cinayət məsuliyyətini nəzərdə tutan maddənin çıxarılmasını tələb edirlər. Hazırda bu təklif komissiya tərəfindən müzakirə olunur.

Ağazadənin sözlərinə görə, əlavə və dəyişiklikləri nəzərdə tutan yeni qanun layihə sentyabrda Milli Məclisə təqdim olunacaq və parlamentin gündəliyinə daxil ediləcək.

Xəbər lenti

Xəbər lenti