ABŞ,Vaşinqton/müxbir Trend A.Qara/NATO-ya üzvlük məsələsi üzrə Gürcüstan və Azərbaycan bir yerdə nəzərdən keçirilə bilməz. Moskva Karnegi Mərkəzinin direktoru Dmitri Trenin belə hesab edir.
Vaşinqtonda Trend agentliyinə müsahibəsində Trenin Gürcüstan və Azərbaycanın NATO-ya üzvlüyünün perspektivlərini və buna Rusiyanın mümkün reaksiyasını şərh edib. Onun sözlərinə görə, digər başqa məsələlərdə olduğu kimi, bu, alyans və üzv ölkələri arasında olan məsələdir. "Azərbaycan müzakirə olunmur, çünki vaxt müvafiq deyil. Gürcüstanda isə həm cəmiyyət, həm də elita NATO-ya üzvlük ideyasını dəstəkləyir. Lakin bu böyük məsələdir. Öz ərazisinə nəzarət etməyən ölkəni NATO-ya üzv qəbul etməyə dəyərmi?" - deyə politoloq bildirib.
Treninin sözlərinə görə, cavabları olmayan bir sıra suallar mövcuddur: "NATO-ya üzvlük bu təşkilatın Gürcüstanın Abxaziya və Cənubi Osetiyada maraqlarını dəstəkləyəcəyi deməkdirmi? Əgər nəsə baş versə, NATO üzvlərinin Gürcüstanda öhdəlikləri necə olacaq?". Politoloq davam etdirib ki, Rusiyanın Gürcüstanın üzvlüyünə vetosu yoxdur və Rusiya fikirləşməməlidir ki, "dondurulmuş münaqişələrin" mövcudluğu Gürcüstanın NATO-ya üzvlüyünün qarşısını ala bilər. Trenin hesab edir ki, Azərbaycan tamam başqa vəziyyətdədir və kartları ilə daha fərasətlə oynayır. "Üzdə Azərbaycanın həm ABŞ, həm də Rusiya ilə çox yaxşı münasibətləri var. Rusiya rəsmi olaraq Azərbaycanın Xəzər nefti və qazı üçün tranzit ölkə olmasına qarşı çıxmır. Rusiya hakimiyyəti buna nə sevinir, nə də buna görə xoşbəxtdir, lakin eyni zamanda, onlar bunu yaşaya bilər" - deyə Trenin hesab edir.
Onun sözlərinə görə, əvvəllər Rusiya Azərbaycan ərazisində hərbi qüvvələrin yerləşdirilməsi və ya NATO-ya qoşulmasına çox tənqidi yanaşırdı. "Azərbaycan hökuməti NATO-ya üzvlüyə yaxınlaşır. Azərbaycanda NATO-ya üzvlük Gürcüstanda olduğu kimi deyil. Gürcüstanda bu, əl çəkilməyəcək ideyadır, elita NATO-ya üzvlük ideyası ilə yaşayır. Buna Gürcüstanda Avropalaşmanın yekun mərhələsi kimi baxırlar" - deyə Moskva Karnegi Mərkəzinin direktoru yekun vurub.