...

Ukrayna, Gürcüstan və Rusiya politoloqları GUAM sülhməramlı qüvvlərinin yaradılması ideyasını şərh edirlər

Siyasət Materials 21 May 2007 12:32 (UTC +04:00)
Ukrayna, Gürcüstan və Rusiya politoloqları GUAM sülhməramlı qüvvlərinin yaradılması ideyasını şərh edirlər

Azərbaycan, Bakı /müx. Trend A.Qasımova/ GUAM sülhməramlı qüvvələrinin yaradılması - quruma üzv dövlətlərin (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) müdafiəsi üçün real mexanizmdir. Bu, Ukraynanın Siyasi Araşdırmalar və Konfliktologiya Mərkəzinin direktoru Mixail Poqrebenskinin fikridir.

Qeyd edək ki, iyunun 19-da Bakıda "Demokratiya və iqtisadi inkişaf naminə təşkilat-GUAM"ın ikinci sammiti keçiriləcək. Bu sammitdə GUAM sülhməramlı qüvvələrinin yaradılması ilə bağlı yekun danışıqlar aparılacaq.

Kiyevdən telefonla müsahibə verən Poqrebenski bildirib ki, bəzi GUAM dövlətləri separatçılıq problemlərindən əziyyət çəkirlər. Bu problemlər ədatən təşkilata xoş münasibət bəsləməyən ölkələr tərəfindən qızışdırılır. "Ona görə də birgə sülhməramlı qüvvələrin yaradılması GUAM üzvlərinin hərbi sahədə, konkret olaraq təhlükəsizlik məsələlərində hərəkətlərinin koordinasiyasına gətirib çıxara bilər" -deyən politoloq hesab edir ki, müəyyən şərtlər daxilində sülhməramlı qüvvələrin yaradılması öz vəzifələrini yerinə yetirməyən digər birliklərin sülhməramlı kontingentə etibarın ölməsinə səbəb ola bilər.

"Konkret olaraq Moldovanın ölkə ərazisində yerləşən rus qoşunlarına və Gürcüstanın rus sülhməramlılarına iddialarından, eləcə də Azərbaycan ərazisində mövcud uzunmüddətli münaqişə və bu münaqişənin həllinə beynəlxalq birliyin təsir göstərməsinin vacibliyindən söhbət gedir. Ona görə də hərbi nöqteyi-nəzərdən belə bir kontingentin yaradılması gələcəkdə bu ölkələrin ərazilərində mövcud problemlərin həllinə yaxınlaşmağa imkan yarada bilərdi" - deyə Poqrebenski vurğulayıb.

Politoloqun fikrincə, hərbi baxımdan bu ideya o qədər də faydalı görünmür. Lakin GUAM üzvlərinin ərazilərində mövcud separatçı rejimlərin sakitləşdirilməsi baxımından kifayət qədər müsbət təsir göstərə bilər. "GUAM üzvləri dəfələrlə Ukraynaya təklif ediblər ki, sülhməramlı missiyada iştirak etsin. Belə bir kontingentin yaradılmasından sonra isə problem həll oluna bilər" - deyə ukraynalı ekspert deyib.

Tbilisi Dövlət Universitetinin beynəlxalq münasibətlər kafedrasının müdiri, deputat Zurab Davitaşvili isə məsələni şərh edərək qeyd edib ki, GUAM bir təşkilat olaraq yaradılarkən məqsəd o olub ki, üzv-dövlətlər öz problemlərini, konkret olaraq təhlükəsizlik sahəsindəki problemləri özləri həll etsin. Telefonla Tbilisidən fikrini açıqlayan politoloq birgə sülhməramlı qüvvələrin yaradılmasını çox ciddi iş kimi dəyərləndirib və GUAM öləkəlrinin ərazilərində separatçı rejimlərin mövcduluğunu önə çəkərək müvafiq ideyanı müsbət hal kimi xarakterizə edib.

Tanınmış rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Serqey Markov isə hesab edir ki, GUAM ABŞ-ın təşəbbüsü ilə yaradılan regional qurumdur, bu səbəbdən də bu ölkənin milli maraqlarının irəliləməsi üçün fəaliyyət göstərir və tamamilə Vaşinqtonun təsir dairəsindədir. "Bu təşkilat bilavasitə ABŞ-dan asılı olan ölkələrin siyasətini yürüdür" - deyə o vurğulayıb. Telefonla Moskvadan münasibətini bildirən Markov qeyd edib ki, GUAM Amerikanın hegemonluğuna sadiqliyin formalarından biridir. Onun sözlərinə görə, GUAM üzvlərinin ümumi sülhməramlı qüvvələr yaratmaq istəyinin səbəblərindən biri - gürcü-abxaz və gürcü-osetin münaqişələri zonalarında yerləşən rusiyalı sülhməramlıların əvəzlənməsi cəhdidir. "Bu sadə bir əvəzləmədir. Onun başlıca məqsədi odur ki, həlledici məqamda GUAM sülhməramlıları rusiyalı desantçılar kimi sinəsini qabağa verib öz vəzifələrini yerinə yetirmək əvəzinə, gürcü hərbçilərinə Abxaziya və Osetiyaya yol açmağa imkan yaratsınlar" - deyə o vurğulayıb.

Xatırladaq ki, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova GUAM-ı 1997-ci ildə Avropa Birliyinin Strasburqdakı sammitində MDB-yə alternativ kimi yaradıblar. 1999-ci ildə bu birliyə Özbəkistan qoşulub, lakin 4 ildən sonra qurumun sıralarını tərk edib. GUAM enerji daşıyıcılarının nəqli layihələrinin potensial iştirakçılarının iqtisadi birliyi kimi yaradılıb. Tədricən qurumun fəaliyyətində hərbi-siyasi vektor da müşahidə edilməyə başlayıb. Konkret olaraq bu, özünü sülhməramlı qüvvələrin yaradılması layihəsində biruzə verib.

Xəbər lenti

Xəbər lenti