...

Azərbaycan İslam Partiyasının sədrliyinə seçkidə bir neçə namizəd iştirak edəcək

Siyasət Materials 19 İyun 2007 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan İslam Partiyasının qurultayında sədrliyə bir neçə namizəd olacaq. Bu barədə partiyanın sədri Hacıağa Nuri məlumat verib.

Onun sözlərinə görə, İslam Partiyasının növbəti altıncı qurultayı yaxın zamanda - yay aylarında keçiriləcək. Nuri qurultaya qədər öz namizədliyini elan etməyəcəyini deyib: "İslam Partiyasının ötən qurultayında sədrliyə üç-dörd namizəd var idi və seçkilər iki turda keçirildi. Qarşıdan gələn qurultayda da partiya sədrliyinə əvvəlkindən daha çox sayda namizədlər ola bilər. Hələlik namizəd olmaq istəyənlərin sayı məlum olmasa da, sədrlik uğrunda mübarizə mütləq alternativlik şəraitində keçəcək" - deyə Nuri qeyd edib.

Sədrin sözlərinə görə, qurultayda İslam Partiyasının seçkilərdə iştirakla bağlı qərarı olacaq. Əgər partiya qarşıdan gələn prezident seçkilərində iştirak etməyə dair qərar çıxarsa, o zaman İslam Partiyasının təmsil olunduğu Azərbaycançı Qüvvələr Birliyi (AQB) seçki bloku kimi bərpa ediləcək.

Dini təmayüllü, müxalifətyönlü İslam Partiyası 1991-ci ilin avqustunda təsis olunub, 1992-ci ildə Ədliyyə Nazirliyində qeydiyyata alınıb. 1995-ci ildə partiyanın dövlət qeydiyyatı ləğv olunub. AQB-də üç müxalifətyönlü partiya - İslam, Birlik və Xalq Dirçəliş partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti