...

Müxalifəti təmsil edən deputatların yeni birliyinin yaradılması istiqamətində danışıqlar aparılır

Siyasət Materials 22 İyun 2007 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Müxalifəti təmsil edən deputatların yeni birliyinin yaradılması istiqamətində danışıqlar aparılır. Bu barədə cümə günü Bakıda Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Qəzənfəroğlu məlumat verib.

Qəzənfəroğlu qeyd edib ki, müxalifət düşərgəsi pərakəndə vəziyyətdə və ayrı-ayrı partiyaların öz maraqları olduğu üçün Milli Məclisdə yaradılan Müxalifət deputat qrupunun fəaliyyətini davam etdirmək mümkün olmayıb.

"Ona görə parlamentdə təmsil olunan bütün müxalifət partiyalarını təmsil edən deputatların, o cümlədən Müsavat Partiyasından olan millət vəkillərinin iştirakı ilə yeni bir birlik formatı tapmaq lazımdır. Ayrı-ayrı qruplar yaradanda effektiv fəaliyyət göstərmək mümkün olmur" -deyə millət vəkili əlavə edib.

Onun sözlərinə görə, bu səbəbdən də müxalifəti təmsil edən deputatların yeni birliyinin yaradılması ilə bağlı danışıqdar aparılır. Milli Məclisin payız sessiyasına qədər parlamentdə təmsil olunan bütün müxalif deputatların birləşdiyi format tapılacağı gözlənilir.

Qəzənfəroğlu vurğulayıb ki, müxalifəti təmsil edən deputatların Milli Məclisdə fraksiya yaratmaları üçün daxili Nizamnamədə dəyişikliklər edilməlidir. Partiya sədri qeyd edib ki, müxalifətin 25 nəfər deputatdan ibarət fraksiya yaratması mümkün deyil: "Ona görə də fraksiyanın sayının 25-dən ən azı 12-yə endirilməsi vacibdir".

2005-ci ilin parlament seçkilərindən sonra Milli Məclisdə müxalifəti təmsil edən iki qrup -Müsavat və Müxalifət deputat qrupları yaradıldı. Lakin sonradan Müxalifət deputat qrupu fəaliyyətini dayandırdı.

Xəbər lenti

Xəbər lenti