...

"Azadlıq" bloku Müsavat Partiyasından parlamentə verdiyi təkliflərini geri götürməyi tələb edir

Siyasət Materials 23 İyul 2007 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müsavat Partiyası seçki komissiyalarının formalaşdırılmasına dair Milli Məclisə təqdim etdiyi təkliflərini geri götürməlidir. Bu barədə "Azadlıq" blokunda təmsil olunan Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan açıqlama verib.

Onun sözlərinə görə, Müsavat Partiyasının doqquz variantdan ibarət təkliflərinin səkkizi iqtidarın xeyrinədir. Temirxanın fikrincə, Müsavatın təklif etdiyi kimi, seçki komissiyalarının paritet, yəni iqtidarla müxalifət arasında bərabər bölünməsi hakim partiyanın komissiyalar üzərində monopoliya yaratmasına xidmət edəcək.

"Azadlıq" bloku isə təklif edir ki, seçki komissiyaları son parlament seçkilərində namizədləri xalqın səslərinin bir faizindən artığını toplamış partiyalardan ibarət formalaşdırılsın. Bura hakim partiya olan YAP, Müsavat, ADP, AXCP, ALP daxildir.

"Biz bu variantı vahid meyar və bütün dövrlər üçün ədalətli olan variant hesab edirik. Əgər "Azadlıq" bloku gələcəkdə seçkilərdə bir faizlik baryeri keçməsə belə, biz yenə də bu variantın ən məqbul variant olduğunu deyəcəyik. Müsavatın Milli Məclisə verdiyi təklifə baxılarsa və parlamentdə müzakirəyə çıxarılarsa, artıq gec olacaq, bu, bütün müxalifətin ziyanına işləyəcək"-deyə ALP rəhbəri qeyd edib.

Temirxan qeyd edib ki, Müsavat Partiyası öz təkliflərini geri götürsə, "Azadlıq" bloku onun seçki komissiyalarının formalaşma prinsiplərini müzakirə etməyə hazır olacaq. Əks halda, Müsavat iqtidara yeni şans vermiş olacaq və bütün müxalifətə ziyan vuracaq.

"Azadlıq" blokunda üç müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti