Azərbaycan, Bakı / Trend , müxbir A.İsmayılova/ Azərbaycanın prezident aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun bildirdiyinə görə, Rusiya Qəbələ RLS-dən istifadə etməkdən imtina etdiyi təqdirdə Azərbaycan heç nə itirmir. "Əgər Rusiya Qəbələ RLS-in istifadəsindən imtina etmək qərarına gəlsə, Azərbaycanı altı ay öncədən xəbərdar etməlidir" - deyə o bildirib.
Ötən həftə Rusiyanın Kosmik Qüvvələrinin komandanı Vladimir Popovkin bəyan edib ki, onun ölkəsi ölkənin xaricində yerləşən radiolokasiya stansiyalarından imtina etməyə hazırlaşır. Söhbət Ukrayna, Azərbaycan, Qazaxıstan və Belarusda yerləşən RLS-lərdən gedir. Vladimir Popovkin əmindir ki, RLS-ləri ölkə xaricində saxlamaq hərbi-siyasi baxımdan düzgün deyil. Generalın fikrincə, hər hansı bir münaqişənin baş qaldırlığı tədqirdə "bu xarici RLS-lərin mövcud olma faktı bizə təzyiq vasitəsi kimi istifadə oluna bilər".
RLS-in sərbəst şəkildə Azərbaycan tərəfindən istifadə olunması sualına cavab verərək Məmmədov bildirib ki, bu məsələyə RF ilə müqavilənin müddəti bitdikldən sonra baxıla bilər.
Onun sözlərinə görə, Rusiyanın imtina etməsindən sonra Azərbaycan RLS-in digər ölkələrlə birgə isitfadəsi məsələsinə baxa bilər.
Qəbələ RLS hazırda Rusiyanın icarəsindədir. O, sovet dövründə SSRİ-nin raket əleyhinə müdafiə sisteminin elementlərindən biri kimi tikilib. Radiolokasiya stansiyası 2002-ci ildə 10 il müddətinə Rusiyaya icarəyə verilib. Azərbaycanın müstəqillik əldə etməsindən sonra və RLS-in öz mülkiyyətinə keçməsindən sonra da Rusiya stansiyadan istifadə etməkdə davam edib.
Rusiya prezidenti Vladimir Putin ABŞ-a Qəbələ RLS-dən və Armavirdə tikilməkdə olan RLS-i icaryə götürmək və əldə olunan məlumatdan birgə istifadə etməyi təklif edib. Vaşinqton üçün gözlənilməz olan bu addımı Rusiya lideri ABŞ-ın Polşa və Çexiyada raket əleyhinə müdafiə elementləri yerləşdirməkdən imtina etməsi üçün atıb. ABŞ bu təklifdən imtina edib və Şərqi Avropada planlarını həyata keçirmək niyyətinin olduğunu bəyan edib. Bununla yanaşı, sentyabr ayında ABŞ və Rusiyadan olan ekspertlər Qəbələ RLS-in mümkün birgə istifadəsi məsələsini müzakirə etmək məqsədilə Bakıya toplaşacaqlar.