...

Gürcüstan prezidenti azərbaycanlılar yaşayan Marneulidə əhali ilə ötəri görüşlər keçirib

Siyasət Materials 4 Sentyabr 2007 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend . müxbir S.İlhamqızı/ Gürcüstan prezidenti Mixail Saakaşvili azərbaycanlılar yaşayan Marneuli rayonuna səfəri zamanı əhali ilə ötəri görüşlər keçirib. Bu barədə Gürcüstanda fəaliyyət göstərən "Qeyrət" Xalq Hərəkatının lideri Əlibala Əsgərov çərşənbə günü Trend ə açıqlamasında məlumat verib.

O bildirib ki, bu gün prezident Saakaşvili Marneulidə yenicə açılmış konserv zavoduna baş çəkib, həmçinin rayonun mərkəzində abadlaşdırma işləri ilə tanış olub. Əsgərovun sözlərinə görə, həmin zavodda çalışanların əksəriyyəti gürcülər, çox az hissəsi azərbaycanlılardır.

Əsgərovun dediyinə görə, prezident yalnız yolüstü əhali ilə qısa görüşlər keçirib. Onların problemləri ilə maraqlanmaq üçün heç bir yığıncaq, müşavirə keçirməyib, əhali qarşısında çıxış etməyib: "Əhalinin problemləri, onları narahat edən məsələlərlə maraqlanmaq, insanları dinləmək üçün ötəri görüşlər deyil, geniş yığıncaq keçirmək lazımdır. Əhali ayaqüstü görüşlərdə hansı problemlərindən danışa bilər? Prezident əhaliyə lazımi qədər vaxt ayırmalı, onların problemləri ilə əlaqədar məmurlara təlimatlar, tapşırıqlar verməlidir. Amma Saakaşvilinin prezidentliyi dövründə biz onun bu cür təşəbbüslərini görməmişik"-deyə Əsgərov qeyd edib.

Gürcüstanın rəsmi məlumatlarına görə, bu ölkədə yaşayan azərbaycanlıların sayı 284 min, qeyri-rəsmi məlumatlara əsasən 500 mindir. Marneuli rayonunda, 55 azərbaycanlı kəndi də daxil olmaqla, 96 min azərbaycanlı yaşayır.

Ümumilikdə Gürcüstanın 13 inzibati bölgəsində yerli azərbaycanlılar yaşayır.

Xəbər lenti

Xəbər lenti