...

QAT üzvlərinin hüquq-mühafizə orqanlarının təzyiqinə məruz qalması ilə bağlı məhkəməyə müraciət edəcək

Cəmiyyət Materials 25 Sentyabr 2007 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə /Qarabağ Azadlıq Təşkilatı (QAT) hüquq-mühafizə orqanları tərəfindən təşkilat üzvlərinə qarşı təzyiqlərin göstərilməsi ilə bağlı məhkəməyə müraciət edəcək. Bu barədə çərşənbə günü Bakıda keçirdiyi mətbuat konfransında QAT sədri Akif Nağı məlumat verib.

"QAT üzvləri sentyabrın 4-dən 23-dək Daxili İşlər Nazirliyi əməkdaşlarının qeyri-qanuni təzyiqləri ilə üzləşib. Bu zaman təşkilat üzvlərinin Konstitusiya ilə təsbit olunan azadlıq hüququ (Konstitusiyanın 28-ci maddəsinin 1-ci və 2-ci hissəsi), İnsan Haqları üzrə Avropa Konvensiyasının 5-ci maddəsinin beşinci hissəsi pozulub" - deyə QAT sədri vurğulayıb.

Qarabağın erməni işğalçılarından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə 28 yanvar 2000-ci ildə Bakıda Qarabağ Azadlıq Təşkilatı yaradılıb. Təsis qurultayında tarix elmləri namizədi, dosent Akif Nağı QAT-ın sədri seçilib. QAT öz sıralarında ölkənin tanınmış ziyalılarını, qaçqın və məcburi köçkünləri, ağsaqqalları, gəncləri, keçmiş döyüşçüləri, ehtiyatda olan yüksək rütbəli zabitləri, həmçinin əhalinin digər sosial təbəqələrinin nümayəndələrini birləşdirir. Hazırda QAT-ın Azərbaycan üzrə rayon, şəhər, çadır düşərgələrində 74 yerli şöbəsi, o cümlədən Türkiyə, İran, Rusiya, İsveç, Almaniya, Fransa, Kanada, Estoniya, İraq və digər ölkələrə təmsilçiləri fəaliyyət göstərir. Təşkilatın 10 min nəfərdən artıq rəsmi üzvü var.

QAT üzvləri MDB daxili işlər nazirləri Şurasının sentyabrın 6-da Bakıda keçirilən illik toplantısında Ermənistanın polis rəisi, general Ayk Arturyanın iştirakının qarşısını almaq üçün etiraz aksiyaları keçirməyi planlaşdırırdı. QAT üzvləri eyni zamanda, sentyabrın 17-dən 23-dək Bakıda keçirilən güləş üzrə dünya çempionatında erməni güləşçilərinin iştirakının qarşısını almaq üçün etiraz aksiyaları keçirmək istəyirdi.

Sentyabrın 6-da QAT sədri və təşkilatın bir neçə üzvü saxlanılıb, ayın 7-də isə səhər saatlarında Nərimanov rayon Polis İdarəsinin əməkdaşları QAT-ın qərargahında axtarış keçirib, plakatlar və şüarlar müsadirə olunub. Sentyabrın 15-də axşam saatlarında Binəqədi rayon Polis İdarəsinin əməkdaşları Nağını həbs edib, polis idarəsinə aparıblar, bir neçə saat orada saxladıqdan sonra azad ediblər. Sentyabrın 17-də səhər saat 10.00 radələrində QAT sədri evindən çıxarkən Xətai rayon Polis İdarəsinin mülki geyimli əməkdaşları onu həbs ediblər, onu qeyri-müəyyən istiqamətdə aparıblar. Bir neçə saat keçdikdən sonra Nağının Xətai rayon Polis İdarəsində saxlanıldığı məlum olub. QAT sədri axşam saatlarına qədər polis idarəsində saxlanılıb. Sentyabrın 18-dən 24-dək QAT sədrinin yaşadığı evin qarşısında polis postu qurulub və o, evdən çıxa bilməyib.

QAT sədri müxalifət və Qeyri-Hökumət Təşkilatlarının ermənilərin Azərbaycana gəlməsinə etiraz etməmələrini, bu prosesə biganə yanaşmalarını pisləyib: "Xarici qüvvələr müxalifətə diqtə edir və ona görə də müxalifət partiyaları və QHT-lər ermənilərin Bakıya gəlməsinə etiraz etmədi. Amma QAT bundan sonra da ermənilərin Bakıya gəlişinin qarşısını almağa çalışacaq".

Xəbər lenti

Xəbər lenti