Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ MHŞ Avropa Məhkəməsinə təklif olunmuş hakimliyə namizədləri müəyyənləşdirib və təsdiq olunmaq üçün hökumətə təqdim edib.
Məhkəmə-Hüquq Şurasının (MHŞ) bir neçə gün öncə keçirilmiş iclasında Avropa Məhkəməsinə hakim vəzifəsinə namizədlərin irəli sürülməsi məsələsinə baxılıb. Hakimliyə təklif olunan namizədlər İnsan hüquqları sahəsində, xüsusən "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiya və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ üzrə bilik və təcrübəyə malik olmalı, Avropa Şuraısının rəsmi dillərindən - Fransız və ya İngilis dillərindən birini sərbəst bilməlidirlər.
MHŞ-dən verilən məlumatda qeyd olunur ki, Avropa Məhkəməsi hakimi vəzifəsinə namizədlərə aid Avropa Şurası Parlament Assambleyasının müvafiq tövsiyələrinə uyğun olaraq, müxtəlif qeyri-hökumət təşkilatları tərəfindən və fərdi qaydada 17 nəfərin namizədliyi irəli sürülüb. MHŞ tərəfindən namizədlərlə aparılan müsahibənin nəticələri Şuranın iclasında elan olunub və gender prinsipi nəzərə alınaraq, Avropa Şurasına təqdim ediləcək üç namizəd seçilib.
MHŞ-nin Aparat rəhbəri Cavid Hüseynov Trend ə bildirib ki, seçilən namizədlərin siyahısı hökumətə təqdim olunub. Hökumət AŞPA-ya təqdim olunacaq namizədlərin adlarını konkretləşdirəndən sonra, hakimliyə təklif olunan namizədlərin adları açıqlanacaq.
Azərbaycanın Avropa Məhkəməsindəki səlajiyyətli nümayəndəsi Çingiz Əsgərov da namizədliyə təklif olunan şəxslərin adlarını açıqlamayıb. O, bunun MHŞ-nin səlahiyyətində olduğunu vurğulayıb.
Müstəqil ekspert Rəşid Hacılı Trend ə açıqlamasında bildirib ki, təklif olunan namizədlərin adlarının ictimaiyyətə açıqlanmaması namizədlərin seçim prosedurunun şəffaf olmamasının göstəricisidir.
Hacılı qeyd edib ki, MHŞ təklif olunan namizədlərə hansı əsaslara görə üstünlük verilməsini, onların digər namizədlərdən üstün cəhətlərini ictimaiyyətə açıqlamalıdır və bu məsələ ictimai müzakirəyə çıxarılmalıdır. "Avropa Məhkəməsinə hakim vəzifəsinə təklif olunmuş əvvəlki namizədlər də şəffaflığa əməl olunmadan seçildiyi üçün, Avropa Şurası tərəfindən geri qaytarılmışdı",-deyə Hacılı bildirib.
AŞPA-ya ilk təqdim olunmuş namizədlər siyahısında Azərbaycanın İnsan Haqları üzrə Avropa Məhkəməsindəki hakimi Xanlar Hacıyev, Ali Məhkəmənin hakimi Zakir Quliyev və Prezidentin İcra Aparatının əməkdaşı Səadət Novruzovanın adları olub.
Avropa Şurasının Parlament Assambleyası payız sessiyasında Azərbaycan hökumətinin Avropa Məhkəməsinə təqdim etdiyi hakim namizədlərin siyahısını qəbul etməyib. Siyahının geri qaytarılmasına səbəb namizədlərin AŞPA-nın meyarlarına uyğun gəlməməsi olub. AŞPA Azərbaycan hökumətinə yeni namizədlərin təqdim olunmasını tövsiyyə edib.