...

Bəzi müğənnilər evdə heyvan saxlamağı xoşlayırlar

Cəmiyyət Materials 14 Fevral 2008 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral /müx. TrendLife Safura/

Deyirlər kişilər qadınları, qadınlar uşaqları, uşaqlar isə heyvanları çox sevir. Bizim şou aləminin sakinləri isə həm də heyvanları çox sevirlər. Onlar arasında heyvan saxlamaq artıq dəb halını alıb. Hansı müğənnini dindirirsən, əziz "dostundan" danışır, onunla fəxr edir. Kimi həqiqətən heyvanları sevdiyi üçün, kimi də qonşudan geri qalmamaq üçün bu işlə məşqul olur.

Flora Kərimovanın qızı Yaqut hələ uşaq ikən ona az müddətə baxmağa verilən itə o qədər bağlanır ki, müğənni məcburiyyət qarşısında bu vəfalı heyvanı birdəfəlik götürməli olur. Artıq 8 ildir ki, Flora xanımın evində yaşayan Piratik daşdan yumşaq nə varsa yeyir. İtini xüsusi it yeməyinə alışdırmaqdan qorxan xalq artisti TrendLife-a onun çox vəfalı və etibarlı olmasından qürurla danışır: "Piratik çox insanlardan etibarlıdır. Bir dəfə mən nasazlamışdım, onunla Milli parkda gəzişirdik. Mənim halımın pis olmasını görən it məndən bir an belə aralanmadı. Bir qədər irəliləyəndən sonra, yenidən yanıma gəldi. Bax elə onda bildim ki, nə qədər mənə yaxındır".

Flora xanım bəzən evə gələn qonağın Piratik tərəfindən dişlənə biləcəyindən qorxur. Mənzilinin qapısı yalnız yaxşı insanların üzünə açıq olan Flora Kərimova itinin insanları yaxşı tanımasına da inanır: "O pis adamı, yaxşı adamdan seçə bilir. Bizə gələn qonağa yaxınlaşır, onu iyləyir, əgər xoşuna gəlməsə, bax onda heç mən onun qabağında dura bilmərəm. Bunu bilən pis niyyətli insanlar mənim qapımı açmır".

Səməd Səmədovun isə 3 iti var. 1 aylığından 13 yaşına qədər müğənninin mənzilində yaşayan sevimli iti Celsini ölümündən sonra da Səməd Səmədov unutmur: "Bizdə Çelsinin şəkli evdə divardan asılıb və biz onu tez-tez yad edirik". Müğənninin hazırda 3 iti var. Onlardan biri-taksa cinsindən olan Prinsessanı Səməd Səmədova bağışlayıblar. Artıq 2 yaşına çatan Prinsessa yalnız it yeməyi yeyir. Səməd Səmədov özü ona qulluq edir. İtini heç kimə etibar etməyən müğənni bəzən ona təzə ət, alma, kəsmik də yedizdirir. Özü it ilində anadan olan Səməd Səmədovun bağında isə 2 redsşinau cinsindən olan iti var. Birinin 5, digərini isə artıq 12 yaşı var. Heyvanlara çox bağlı olan müğənni hər 3 itin onun üçün əziz olduğunu deyir.

Elza Seyidcahan heyvanları çox sevsə də, onlara özü yox, övladları qulluq edir. Heyvanlar haqqında təəssüratlarını Elza xanım TrendLife-a belə açıqladı:

"Bülbül adına orta ixtisas məktəbində oxuyan oğluma xamyak bağışladılar, mən etiraz etmədim. Hazırda evdə siyam pişiyi var. Onu da qızıma bağışlayıblar. Adı Ceyladır. Qızım onun dırnaqlarını tutur, çimizdirir. Ceylanıvn özünün ətirləri var. Çox nazlı və aristokrat pişikdir. Biz uşaq olanda anam heyvan saxlamağa imkan vermirdi. Mən isə uşaqlarıma heyvan saxlamağa icazə vermişəm. Heyvan saxlayanda ona çox bağlanırsan, sonra ayrılmaq zülm olur. Mən ayrılığa dözə bilmirəm. Amma ən böyük arzumdur ki, mənə balıq bağışlasınlar. Həm də akvariumla birlikdə. İstəyirəm qəribə balıqlarım olsun".

Xəbər lenti

Xəbər lenti