...

Bizim bir müəllimimiz var, o, da tamaşaçılarımızdır- "Parni iz Baku" KVN Teatrının rəhbəri Tahir İmanov

Cəmiyyət Materials 18 Mart 2008 18:47 (UTC +04:00)

Azərbaycan, Bakı,18 mart /müx. TrendLife Şahin Cavadsoy/

1 aprel Gülüş Günündə öz peşə bayramlarını qeyd edəcək "Planet Parni iz Baku" KVN Teatrının kollektivi gərgin iş rejimində məşqlərini bu gün də davam etdirir. "Abşeron" otelində keçən hazırlıq məşqlərinin isə bir məqsədi var. Aprelin 1, 3, 4, 5, 6, 7, 8-i tarixlərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutacaq "Baharın 7 anı" adlı tamaşalarını yüksək səviyyədə təqdim etmək. Teatrın bədii rəhbəri və rejissoru Tahir İmanov da bu qənaətdədir. Ona görə də Tahirlə söhbətimizin əsas hissəsini, keyfiyyətli gülüşün təqdim olunması üzərində qurduq:

- Tahir, görürük ki, məşqlərinizi ciddiyyətlə davam etdirisiniz. Maraqlıdır, bu dəfə tamaşaçılar hansı fərqli səhnəciklərlə qarşılaşacaqlar?

- Bu sualı hər dəfə mənə verəndə, çox təəccüblənirəm. Maraqlıdır, nə istəyirsiniz? Futbol oynayaq, yoxsa sənətimizə aid olmayan janrda çıxış edək? Bizim sənətimiz hamıya bəllidir. Bu, satira və yumor janrıdır. Fərq ondan ibarət olacaq ki, səhnəciklərin hamısı təzə olacaq.

- Rəhbəri olduğunuz "KVN Teatrı"nın yaşı az olsa da, özünüzə kifayət qədər tamaşaçı auditoriyası toplamağa nail olmusunuz. Yəqin tamaşalarınızın sayını yeddi gün etməyinizin bir məqsədi var.

- Konkret bir məqsədin olduğunu qeyd edə bilmərəm. Sadəcə, yeddi ildir ki, biz gülüşsevərlərin qarşısında çıxış edirik. Bəlkə buna görə tamaşaların sayı da yubileyimizlə eynilik təşkil edir.

- KVN kəlməsi dilə gələndə, yaddaşlarda mütləq "Parni iz Baku"nun yaradıcı heyətinin adı təzələnir. İndiki gənclərin gülüşü təqdim etmək səviyyəsi sizi qane edirmi?

- Yox, çünki gənclərin bir çoxu bilmir ki, səhnəyə nəyə görə çıxırlar. Özü də əksəriyyətinin peşəkar aktyor diplomları da var. Bizim isə heç birimizdə Mədəniyyət və İncəsənət Universitetinin diplomları yoxdur. Hətta bəzi gənclər elementar səhnə davranşılarını belə başa düşmürlər. Onların bir məqsədləri var, tanınmaq. Amma əsl sənət sahibi olmaq üçün hər saniyə, hər dəqiqə, hər an öz üzərində işləməlisən. Bax götürək elə KVN Teatrının kollektivini. Həmişə məşqlərdə onlara bir məsləhətim olur.Söhbətləriniz, əsasən, yaradıcılıq üzərində qurulsun. Çünki, aktyor öz üzərində işləməsə, o, nəinki tanınmış olar, heç xalq tərəfindən də sevilə bilməz.

- KVN teatrının aktyoru olmaq üçün gənclərdə hansı bacarıqların olması vacibdir?

- KVN çox böyük məktəbdir. İlk növbədə, məqsədini bilməlisən. Etiraf edirəm ki, bir nəfər var idi bizim kollektivdə. Qovdum onu. Ona görə ki, özünü apara bilmirdi. Bizə öyrədiblər ki, kimsə məşq edəndə o biri aktyorun sözü, rolu yoxdursa, sadəcə, oturub baxır və əgər təklifi varsa, improzivə edib, fikrini söyləyə bilər. Amma həmin şəxs məşqlərimizdə oturub ancaq gülürdü. Məncə, böyük-kiçik yerinin bilinməməsi, gənclərdə ən mənfi, çatışmayan xüsusiyyətdir.

- Universitetlərdə fəaliyyət göstərən KVN klublarının üzvlərinin efirdə yumoristik proqramlar hazırlamalarına münasibətiniz necədir?

- Mən hər şeyi müqayisədə görürəm;indiki cavanlarla özümü müqayisə edəndə, ayırd edirəm ki, o, vaxt bizim bir məqsədimiz var idi, Azərbaycanımızı dünyada yüksək səviyyədə təmsil etmək. O vaxt respublikamız informasiya blokadasında, xaos vəziyyətində idi. Hətta bəzi məmurlar KVN sözünün mənasını bilmirdilər. Heç vaxt yadımdan çıxmaz, bir dövlət məmuru bizə demişdi ki, nədir o KVN? Bizə rusca oyun lazım deyil. Başa düşmürdü ki, bu oyun hardasa təbliğat xarakteri daşıyır. Dediyim kimi, bizim məqsədimiz vətənimizi yüksək səviyyədə təmsil etmək idi. Biz bu missiyaya nail olduq. Ancaq indikilərin məramı, sadəcə olaraq, bəlli deyil. Biri gəlir tanınmaq üçün, digəri toylarda tamada olmağa. Yadıma salıram "Parni iz Baku"nun əvvəlki illərini, heç vaxt uşaqlarla aramızda pul söhbəti olmurdu. Düşünürəm ki, Azərbaycan sözü olan yerdə puldan söhbət belə getməməlidir.

- Bəlkə sizin də üzv olduğunuz KVN-nin o vaxtki kollektivinin bu qədər sevilib qəbul edilməsinin digər səbəbi hər birinizin kübar ailədən çıxmağınızla əlaqədardır?

- Əlbəttə, atalar deyib ki, ot kökü üstə bitər. Düz deyirsiniz, bizim kollektivin bütün üzvləri kübar ailələrdən çıxan yaradıcı gənclərdir. Ənvər Mansurov, Anar Məmmədxanov, Bəhram Bağırzadə, Timur Vaynşteyn, Elçin Əzizov, Azər Məmmədzadə və başqa üzvlərimiz çox ziyalı ailələrdə tərbiyyə alıblar. Biz çalışmışıq ki, babalarımızın, atalarımızın getdiyi yolla gedib, öz adlarımızı da ucaldaq.

- Hər il tamaşalarınızı hansısa tanınmış ziyalının xatirəsinə ithaf edirsiniz. Bu dəfə kimin xatirəsi yad ediləcək?

- Bu dəfəki tamaşalarımız, teatrımızın yaxın dostu olmuş, eləcə də böyük şəxsiyyət, mərhum həkim-psixiatr, professor Ağabəy Sultanovun əziz xatirəsinə həsr olunacaq.

- Mərhum Ağabəy Sultanovu parodiya etmək fikriniz varmı?

- Yəqin ki, yox. Çünki, indiyədək belə bir şey etməmişik. Təəssüflər ki, Azərbaycanda bunu pis qəbul edirlər. Halbuki, başqa ölkələrdə bu, qəbul olunmuş bir formatdır. Görürük ki, Moskvanın KVN teatrı, öz səhnəciklərində dünyasını dəyişmiş Leonid Utyosovu belə parodiya edir. Ümumiyyətlə, biz həmişə çalışırıq ki, hansısa bir balaca nöqsan varsa, bunu şişirdək və aktyora irad kimi qəbul edək.

- Söhbət aktyorların bir-birilərinin uğurlarına sevinməməsindən gedir?

-Təbii. Ona görə ki, biz bir-birimizin uğurlu çıxışlarına, qələbələrinə sevinə bilmirik. Məsələn, mənə sual verilər, nəyə görə siz tamaşalarınızı 7 gün edəcəyiniz halda, Rafael və Coşqun tamaşaçıların qarşısında 9 günlük konsert proqramı ilə çıxış etdilər. Başa düşmürəm bu suallar nə məqsədlə verilir. Əgər kimlərsə bizim aramızı vurmaq istəyirlərsə, bu heç cür alınmayacaq. Çünki, onlar bizim dostlarımızdır. Doqquz gün konsert veriblərsə, deyin ki, halal olsun. Bunu bir adam deməyib, ancaq mən söyləyirəm.

- Tahir, demək olar ki, son vaxtlar kişilərin qadın libaslarında səhnəyə çıxmasını tamaşaçılar normal qiymətləndirirlər. Bu dəfə də bu ampluadan çıxış edəcəksiniz?

- Olacaq yəqin. Sadəcə, bu sualı heç vaxt başa düşməmişəm. Məgər teatrlarımızın bütün problemləri həll olunub ki, oturub ancaq qadın obrazları barəsində düşünək? Əgər kişi aktyorunda qadın obrazı gözəl alınırsa və tamaşaçı bunu qəbul edirsə, bunun harası pisdir ki? Görkəmli sənətkarlarımız, xalq artisti İlham Namiq Kamal, Yaşar Nuri, Rafael Dadaşov çox gözəl qadın obrazlarında çıxış ediblər. Və bu da tamaşaçılar tərəfindən böyük məmnuniyyətlə qarşılanıb.

- Tamaşaçılar üçün çox maraqlıdır, 7 günlük tamaşalarda "Parni iz Baku" KVN Teatrı hansı heyətlə onların görüşlərinə gələcək?

- Əsas aktyor heyəti Bəhram Bağırzadə, Elçin Həmidov, Cabir İmanov, Tahir İmanov, Anar Ömərov, Əkbər Əlizadə, Ələkbər Əli bu dəfə də səhnədə olacaqlar. Yeni üzvlərimizin də çıxışları gözlənilir. Təəssüflər olsun ki, sevimli aktrisamız Kübra Əliyeva səhhəti ilə əlaqədar olaraq bu dəfə tamaşalarda çıxış etməyəcək. Amma inanıram ki, yaxın gələcəkdə o, yenidən bizim sıralarımıza qayıdacaq.

- Hansı sənət adamlarını hədəfinizə götürüb parodiya edəcəksiniz?

- Müğənnilərdən Nazpəri Dostəliyeva, Yaqub Zurufçu, İzzət Bağırov, Qədir Rüstəmov, Flora Kərimova, Cavanşir Məmmədov və başqaları hədəfimizdə olacaqlar.

- Bəlkə səhnəciklərdən də bir-ikisinin adını çəkəsiniz?

- Elə çətin səhnəciklərimiz var ki... Tamaşaçıların xahişi ilə "Rəvayət"in ikinci hissəsi olacaq. Sonra, "Azərbaycansayağı" adlı bir səhnəmiz var. Bu səhnəciyə bir az aydınlıq gətirmək istəyirəm. Dünyanın müxtəlif ölkələrində eyni hadisələr baş verir. İnsan oyanır, səhər yeməyi yeyib işinə gedir, sonra işdən qayıdıb, ya restorana gedir, ya da evində dincəlir. Götürək restoranlarda yeyib-içənləri. Misal üçün, Almaniyada kimsə dostlarını restorana dəvət edirsə, sonda hamı öz pulunu verib məkanı tərk edir. Və bu olur "almansayağı hesab". Amerikada kim dəvət edirsə, o, da hesabı ödəyir. Bizdə isə, üçüncü dünya müharibəsi başlayır. Yəni hamı özünü səxavətli göstərmək üçün əlini cibinə salır. Çox çətin səhnəciklərin olmasına baxmayaraq, əminəm ki, hər bir işin öhdəsindən çox uğurla gələ biləcəyik.

- Tamaşaçılar "Parni İz Baku"nun "Baharın 7 anı" tamaşalarına nəyə görə gəlməlidirlər?

- Əvvəla, "Gülüş günü"dür. Bizim peşə bayramımızdır. Kiminsə problemi varsa, qoy iki-üç saatlıq da olsa, bizə qoşulsun. Dərd-sərdən uzaq, ürəkdolusu gülüş vəd edirik tamaşaçılarımıza . Onları həm də bir müəllim kimi tamaşalarımıza dəvət edirəm. Çünki, bizim bir müəllimimiz var. O da tamaşaçılarımızdır. Biz istəyirik müəllimlərimizdən yenə də əla qiytmətlərlə təltif olunaq.

P.S. TrendLife İnformasiya Agentliyi olaraq, biz " Planet Parni iz Baku" KVN Teatrının 7 günlük tamaşalarına informasiya dəstəyi veririk. Odur ki, bakılı oğlanların konsertqabağı bütün yenilikləri barəsində məlumatları life.trend.az ünvanının dəyişən xəbərlərindən izləməyi unutmayın.

Xəbər lenti

Xəbər lenti