Azərbaycan, Bakı, 30 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə yığma komandası Bosniya və Herseqovina komandası ilə iyunun 1-də keçirəcəyi yoxlama oyununa Rəşad Sadıqovun kapitanlığı altında çıxacaq. "Azərbaycan yığmasındakı əhval-ruhiyyə qaydasındadır. Artıq Bosniya və Herseqovina ilə oyunda hansı futbolçunun kapitan olacağı da məlum olub. Bu, "Neftçi" klubunun müdafiəçisi Rəşad Sadıqovdur", - cümə günü milli komandanın məşqindən sonra yığmanın baş məşqçisi Berti Foqts jurnalistlərlə görüşündə deyib.
Sadıqov əvvəllər də yığma komandada kapitan kimi çıxış edib. O, "Neftçi" klubunda da Zaur Tağızadədən sonra ikinci kapitan sayılır.
Foqts bildirib ki, Bosniya və Herseqovina ilə oyundan əvvəl komandada zədə ilə bağlı probdemi olan oyunçu yoxdur. "Hələlik səkkiz mövqe üzrə çıxış edəcək futbolçuların adlarını özüm üçün müəyyənləşdirmişəm. Qalan üç mövqedə çıxış edəcək oyunçuların adlarına oyun gününə kimi aydınlıq gələcək" - deyə almaniyalı baş məşqçi əlavə edib.
Azərbaycan yığma komandası Bosniya və Herseqovina ilə görüşdən sonra iyunun 4-də Andorra millisi ilə də yoxlama oyunu keçirəcək.
Bosniya və Herseqovina ilə oyun Foqtsun Azərbaycan yığma komandasının baş məşqçisi kimi ilk sınağı olacaq.