...

İsraildə olarkən "yox" sözünü eşitmədim – kinorejissor Oqtay Mirqasımov

Cəmiyyət Materials 18 İyun 2008 13:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun /TrendLife müx. Günel Əhmədova

Oqtay Mirqasımovun dövlətin sifarişi ilə ekranlaşdırdığı "Günaydın mələyim" filminin tamamlama işləri görülür. Son iki ayı İsraildə filmin səs yazıları və digər proseslər üzərində mütəxəssislərlə birgə çalışan rejissor Bakıya 3 günlük gəlişi zamanı TrendLife-da bəzi məqamlara toxundu. Müxtəlif fəsillərin görüntülərini özündə birləşdirən ekran işi köhnədən qalma avdanlıqların imkanları hesabına başa gəldiyi üçün rejissorun işi bir qədər uzanıb. Filmdəki səslərin keyfiyyəti isə bu üzdən xaricdəki texnikanın imkanları səviyyəsində hazırlanır:

"Bildiyiniz kimi yerli səsyazma avadanlıqları günün tələblərinə cavab vermir. Bunlar o qədər köhnəlib ki, işləmək mümkün deyil. Eyni zamanda uzun illər fəaliyyəti dayanan labaratoriya da yenidən qurulmağa başlayıb. Bu səbəbdən kinonun bəzi işlərini ölkədən kənarda aparmaq məcburiyyətindəyik. Çalışdığımız stereo sistemi bir qədər zaman aparan prosesdir. Filmdəki rolların iştirakçılarının səsləri burada yazılıb və xaricdə səhnələrə görə uyğunlaşdırılır. Çünki 50 nəfər aktyor heyətini xaricə aparmaq mümkün deyildi. Onu da qeyd edim ki, filmin qrafika işləri Rusiyada hazırlanıb".

Səfəri zamanı xarici mütəxəsisslərin iş prosesini müşahidə edən Oqtay Mirqasımov qənaətini bizimlə bölüşdü. Kinorejissorun məlumatına görə, Azərbaycanda film çəkmək çox çətin prosesdir. Bunun da başlıca səbəbi məlum avadanlıq məsələsidir. Xaricdə isə bu proses asan başa gəlir. Azərbaycan kinosunun yaşadığı bu günkü durumunun onilliyin sonuna kimi həllini tapacağına inanan O. Mirqasımov bunun üçün ümid qığılcımlarını hiss etdiyini sözünə əlavə etdi. O, ilk işığın kinonun maliyyə durumunu bir qədər yaxşılaşdırılmaqla başladığını söylədi. Lakin rejissor problemin sadaladığı məsələlər üzərində köklənmədiyini vurğuladı:

"Fikrimcə, proses eyni zamanda kadrların yetişdirilməsi üzərində də davam etdirilməlidir. Çünki yeni avdanlığı köhnədən qalma təcrübə ilə işlətmək olmaz. Bunun da öz məktəbi var. Onu da əlavə edim ki, xaricdəkilərin bizimkilərlə həm peşəkarlıq, həm də bunun müqabilində qazandıqları məvacib fərqləndirir. "Günyadın mələyim"in səsləndirmə prosesində bir dəfə də olsun "yox, mümkün deyil" ifadəsini eşitmədim. İş prosesi zamanı nümunəvi kadrlar gördüm. Düşünürəm ki, bizdə texnika ilə işləyən kadrlar, assitentlər, inzibatçıların və s. Rusiya və digər ölklərə təcrübə kurslarına göndərilməsinə ehtiyac var. Ona görə ki, biz durğunluq illərimizdə çox şeyi itirdik. Sovetlər birliyi dağılandan sonra kadrların çoxu kinonu, hətta Azərbaycanı tərk etdilər. Bəziləri dünyasını, bəziləri peşəsini dəyişdi. Gənclər daha çox telekanallara meyil göstərməyə başladılar. Hələ klip çəkənləri demirəm. Bu ayrıca bir dramdır. Böyük yaradıcı planlarla sənətə gələn gənc kadrların əksəriyyəti bir neçə ildən sonra arzusunu kiçik klip kadrları səviyyəsində məhdudlaşdırmaq məcburiyyətində qaldılar".

Xəbər lenti

Xəbər lenti