Azərbaycan, Bakı, 27 iyun / Trend , müxbir K.Zərbalıyeva/ Mobil telefonlarla uşaq pornoqrafiyası ilə bağlı görüntülər yayan Lənkəran rayon sakini barəsindəki cinayət işi məhkəməyə göndərilib.
Baş Prokurorluğun yaydığı məlumata görə, Lənkəran rayonu, Boladi kəndində anadan olmuş İlkin Hüseynov müxtəlif internet saytlarından mobil telefonuna köçürdüyü video görüntüləri yaydığı üçün barəsində Cinayət Məcəlləsinin parnoqrafik materialları və ya əşyaları qanunsuz yayma (242-ci) maddəsi ilə cinayət işi açılıb.
Yasamal rayonu, Zahid Xəlilov küçəsində fəaliyyət göstərən "Tacir" internet klubunda nəzarətçi-server vəzifəsində işləyən Hüseynov bu il aprelin 25-də istifadə etdiyi "Nokia" markalı 564 24 65 nömrəli mobil telefon vasitəsilə internetdən azyaşlıların iştirak etdiyi "Məhəllə seksi" və böyüklərin iştirak etdiyi "Amerikan" adlı qısametrajlı əcnəbi istehsalı olan porno görüntüləri telefonuna daxil edib. Bundan sonra həmin görüntüləri internet klubda istifadə etdiyi kompyuterə köçürüb.
Hüseynov aprelin 30-da internet kluba gələn müştəri Mərdan Qəmbərovun telefonuna 2 manat müqabilində 5 pornoqrafik görüntü köçürüb və həmin görüntüləri digər müştəri Şahin Məmədova nümayiş etdirib. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə daxil olan məlumatlardan sonra idarənin əməkdaşları tərəfindən Hüseynov cinayət başında yaxalanıb və ona Cinayət Məcəlləsinin 242-ci maddəsilə ittiham elan edilib. İstintaq zamanı "Tacir" internet klubunun fəaliyyəti dayandırılıb.
Prokurorluqdan bildirilib ki, həmin işdən azyaşlıların iştirak etdiyi "Məhəllə seksi" adlanan pornoqrafik filmi hazırlayaraq internet vasitəsilə yaymış və adı istintaqa məlum olmayan şəxslər barədəki iş ayrı icraata götürülüb və istintaq davam etdirilir.
Baş Prokurorluq bir neçə ay öncə uşaq parnoqrafiyası ilə bağlı daha bir fakt aşakarlamış və həmin görüntüləri yayan şəxslər məsuliyyətə cəlb edilmişdi.
Ekspertlər tərəfindən Azərbaycanın Cinayət Məcəlləsinə Uşaq pornoqrafiyasının hazırlanması və yayılması adlı 241-1 maddənin əlavə edilməsi təklif olunub. Həmin maddənin tələbinə görə, bu cinayətin iştirakçısı olmuş şəxsə şərti maliyyə vahidinin 1000-mislindən 5000 mislinədək cərimə, 2 ilədək islah işləri və 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
Layihədə uşaq pornoqrafiyası cinayətinin valideynlər, himayəçilər tərəfindən törədilməsi isə ağırlaşdırıcı hal kimi nəzərdə tutulub və həmin cinayətə görə 4 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası təklif olunub.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]