...

ABŞ-da illik gəlirləri arasında böyük fərq aşkarlanan hakim cinayət məsuliyyətinə cəlb olunur - amerikalı hakim

Cəmiyyət Materials 10 İyul 2008 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul / Trend , müxbir K.Zərbalıyeva/ Amerikada hakimlərin illik gəlirləri arasında böyük fərq aşkarlanarsa, həmin hakim barəsində cinayət işi açılır.

Bu barədə cümə axşamı keçirilən mətbuat konfransında ABŞ Apellyasiya Məhkəməsinin Baş Dairə hakimi John Ualker Trend -un sualına cavab olaraq bildirib.

Amerikalı hakim deyib ki, onun ölkəsində hakimlər hər il gəlirləri barədə ictimaiyyətə məlumat verirlər. Əmlak Bəyannaməsində əmlaklarının dəqiq qiymətləri deyil, təqribi qiymətlər göstərilir. "Növbəti hesabatla əvvəlki hesabat arasında böyük məbləğdə fərq müəyyən olunarsa, həmin hakim barəsində cinayət işi açıla bilər. Lazimi orqanlar əmək haqqından artıq məbləğin haradan əldə olunduğunu araşdırmalı və aydınlaşdırmalıdır",-deyə Ualker vurğulayıb.

Azərbaycan qanunvericiliyində dövlət qulluqçularının əmlak bəyannamələri təqdim etməsi ilə bağlı göstəriş olsa da, indiyədək bunun mexanizmi hazırlanmayıb.

Ali Məhkəmənin sədri Ramiz Rzayev bir müddət əvvəl mətbuata açıqlamasında hakimlərin əmlak bəyannamələri təqdim etməsi ilə bağlı iş aparıldığını və yaxın gələcəkdə bunun tətbiq olunacağını deyib.

Avropa Şurası Korrupsiya ilə mübarizə üzrə Dövlətlər Qrupunun (QREKO) icraçı katibi Volfqanq Rau Trend -a müsahibəsində bildirimişdi ki, QREKO-nun qiymətləndirmə ilə bağlı məruzəsində dövlət qulluqçuları, o cümlədən hakimlərin təqdim etməyə məcbur olduqları əmlak bəyannamələrinin mövcud yoxlanılması mexanizmi ilə bağlı qeydlər olub. QREKO Azərbaycana maliyyə ərizələrinin yoxlanılmasının təmin edilməsini tövsiyə edib. 2008-ci ilin oktyabrında da QREKO Azərbaycanın bu sahədə nail olduğu irəliləyişlərin qiymətləndirilməsini keçirəcək.

Ötən il bütün hakim korpusunun fəaliyyətinin qiymətləndirilməsi nəticəsində 30-dan çox hakimin səlahiyyətlərinə xitam verilib, habelə son iki il ərzində 50-dək hakim barədə intizam icraatı başlanılıb, o cümlədən korrupsiya hüquqpozmalarına yol verdiklərinə görə 3 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 3 nəfər isə aşağı işə keçirilib.

Ötən il ölkə başçısının fərmanları ilə hakim ştatları 50 faiz artırılıb.

Azərbaycanda hazırda 327 hakim fəaliyyət göstərir. Vakant hakim yerlərinin sayı isə 200-dən artıqdır.

Azərbaycanda hakimlər ömürlük seçilir. Hakimin pensiya yaşı 65 yaş müəyyən edilib. Müstəsna hallarda bu müddət 70 yaşadək artırıla bilər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti