Azərbaycan, bakı, 18 avqust/ Trend , müxbir C.Babayeva/ Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsi Əbu Bəkr
məscidində baş vermiş partlayışı terror
aktı kimi qiymətləndirir və onu pisləyir.
Bazar günü Əbu Bəkir məscidində saat 21.00
radələrində axşam namazı zamanı
partlayış baş verib. Nəticədə üç
nəfər ölüb, səkkiz nəfər ağır
yaralanıb.
"Ümid edirik ki, araşdırma zamanı baş vermiş hadisənin motivləri, təşkilatçı və icraçıları müəyyən ediləcək və təqsirkarlar qanuna uyğun cəzalarına çatacaqlar", - bazar ertəsi Trend -a Dövlət Komitəsindən daxil olmuş bəyanatda deyilir.
Dünən naməlum şəxs pəncərəni daşla sındıraraq, iki ədəd RQD-1 əlqumbarasını məscidin içərisinə atıb.
Məscidin imamı Qamət Süleymanov yüngül xəsarət alıb və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Bakı Prokurorluğundan verilən məlumata görə, Cinayət Məcəlləsinin 120.2.4 (qəddarcasına və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) və 120.2.7 (iki və ya dada çox adamın qəsdən öldürülməsi) maddələri ilə cinayət işi qaldırılıb.
Əbu Bəkir məscidində əsasən vəhabi təriqətinə mənsub şəxslər ibadət edirlər. Bu il Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən məsciddə keçirilən əməliyyat zamanı yayılması qadağan olunan dini kitablar müsadirə olunmuşdu.
Dünən hadisə yerinə milli təhlükəsizlik naziri Eldar Mahmudov və daxili işlər naziri Ramil Usubov gəliblər. Rəsmilər hadisə ilə bağlı jurnalistlərə şərh verməkdən imtina ediblər.