...

Azərbaycanda ombudsmanın müraciətləri əsasında 240 məhkum əfv olunub

Cəmiyyət Materials 28 Avqust 2008 13:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust / Trend , müxbir K.Zərbalıyeva/ Ombudsmanın müraciətləri əsasında bu günədək ümumilikdə 240 məhkum əfv olunub.

Bu barədə cümə axşamı Ombudsman Aparatının mətbuat xidmətindən Trend -a məlumat verilib.

Əfv olunanlar arasında yetkinlik yaşına çatmayan və qadın məhkumlar da var.

İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova fəaliyyət dövrü ərzində özlərinin və ailə üzvlərinin müraciətlərinə əsasən, məhkumların qanun çərçivəsində əfv edilməsinin mümkünlüyünü araşdırıb, bəzilərinin törətdikləri hərəkətlərdən peşmanlıq çəkdiklərini, islah olunduqlarını və artıq cəmiyyət üçün ictimai təhlükə törətmədiklərini nəzərə alaraq, Ombudsman haqqında Konstitusiya Qanununun 1.4.-cü maddəsinə əsasən, həmin məhkumların əfv olunmaları ilə bağlı dəfələrlə ölkə prezidentinə müraciətlər ünvanlayıb.

Avqustun 26-da prezident 45-ci əfv fərmanını imzalayıb. Həmin fərman 96 məhkuma şamil olunub. Onlardan 86 nəfəri cəzalarının çəkilməmiş hissələrindən azad olunublar.

1994-cü ildən indiyədək imzalanmış 45 əfv fərmanı ilə 4858 şəxs cəzadan azad edilib. Fərmanların 13-ü İlham Əliyev, 32-i isə mərhum prezident Heydər Əliyev tərəfindən imzalanıb. İndiyədək imzalanan 8 amnistiya aktı 40 min məhkuma şamil olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti