Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir İ.Əlizadə/ İnsanların bəşəri problemlərdən xilas olmasına qadınlar böyük töhfə verə bilərlər, Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın cümə axşamı Bakıda keçirilən "Yeni təhlükəsizlik mühitində qadın siyasətçilərin rolu" beynəlxalq konfrans iştirakçılarına təbrik məktubunda qeyd olunub.
"Bu gün dünyamızda mövcud olan təhlükələr bəşəriyyəti yenidən və daha dərindən düşünməyə, dünyamızın gələcəyi naminə narahat olmağa sövq edir. Bəşər mədəniyyətinin önəmli yaradıcısı olan qadınlar öz analıq hissləri ilə həm də yaratdıqlarının əvəzsiz qoruyucularıdır", - Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın məktubunda deyilir.
Mehriban Əliyeva təbrik məktubunda dünyanın müxtəlif regionlarını təmsil edən ayrı-ayrı ölkələrin qadın siyasətçilərinin bu gün bir araya gəlməsini bəşəri problemlərdən doğan zərurət kimi qiymətləndirib.
"İnanırıq ki, belə konfranslar davamlı olaraq bir çox ölkələrdə keçiriləcək və bəşəriyyət üçün qlobal olan problemlərin həllinə, dünyamızda əmin-amanlığın, sabitliyin və davamlı inkişafın bərqərar olmasına öz töhfəsini verəcək", - məktubda vurğulanıb.
"Bu gün dünyanın üçüncü minilliyində qadın siyasətçilər sülhün və sabitliyin bərqərar olunmasında təmsil olunsalar da, biz dünya ölkələrinin can atdığı yeni təhlükəsizlik mühitində onların potensialından daha geniş istifadə olunması arzusundayıq. Bu gün dünyada irqindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün qadınları, anaları bir arzu birləşdirir - dünyada həmişə sülh olsun. Dünyanın müxtəlif regionlarında baş verən münaqişələr nəticəsində milyonlarla insan öz ocağından, vətənindən qaçqın və məcburi köçkün düşüb. Böyük ağrı hissi ilə deməliyik ki, onların 80 faizə qədərini qadın və uşaqlar təşkil edir", - deyə təbrikdə deyilir.
Hakim Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda Türkiyə, Norveç, Qazaxıstan, Gürcüstan və bir sıra başqa ölkələrin nümayəndələri iştirak edirlər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]