Azərbaycan, Bakı, 19 sentyabr / Trend , müxbir C.Babayeva/ Cümə günü Bakıda ərəb ədəbiyyatı üzrə dünyada ilk qadın tədqiqatçı, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın xatirəsi yad edilib.
Dünyada ərəb ədəbiyyatı üzrə ilk qadın tədqiqatçı olan İmanquliyeva Azərbaycan şərqşünaslığını dəfələrlə yaxın və uzaq xaricdə (Moskva, Kiyev, Poltava, Sankt-Peterburq, Hamburq və s.) təmsil edib. İmanquliyeva Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin rəyasət heyətinin, Şərq ədəbiyyatının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olub. O, məzunu olduğu Bakı Dövlət Universitetində uzun illər ərəb filologiyası üzrə mühazirələr oxuyub. İmanquliyeva yüksək ixtisaslı ərəbşünasların hazırlanmasına da böyük töhfələr verib.
İmanquliyeva 53 yaşında, 1992-ci il sentyabrın 19-da vəfat edib.
Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri alimin məzarını ziyarət ediblər. Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və təhsil nazirinin müavini İradə Hüseynova İmanquliyevanın ərəb ədəbiyyatının tədqiqi ilə bağlı xüsusi xidmətlərindən bəhs ediblər.